Bank Of Baku

Moskva Bədaye Teatrının direktor müavini İqor Popov Akademik Milli Dram Teatrında olub

Moskva Bədaye Teatrının direktor müavini İqor Popov Akademik Milli Dram Teatrında olub
# 11 fevral 2011 16:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Akademik Milli Dram Teatrının beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində işləri davam edir. Teatrin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Oleq Tabakovun rəhbərlik etdiyi A.P.Çexov adına Moskva Bədaye Teatrı (MXT) ilə qarşılıqlı əməkdaşlıq münasibətləri qurulub.

Bu günlərdə Moskva Bədaye Teatrının direktor müavini İqor Popov O.Tabakovun göstərişi ilə Bakıda işgüzar səfərdə olub. Akademik Milli Dram Teatrında olan qonaq teatrın yeni binasının maddi-texniki bazasını, texnoloji imkanlarını yüksək qiymətləndirib. Moskva Bədaye Teatrının direktor müavini İqor Popov ilə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov arasında qarşılıqlı əməkdaşlıq haqqında danışıqlar aparılıb və bu danışıqlar müsbət həllini tapıb. Qarşılıqlı razılaşmaya əsasən, Akademik Milli Dram Teatrının iki tamaşası Moskva Bədaye Teatrının səhnəsində nümayiş etdiriləcək. Moskva Bədaye Teatrının iki tamaşası isə Milli Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına göstəriləcək. Beləliklə, istər Moskva, istərsə də Bakı tamaşaçıları bu iki teatrın son işlərinin şahidi olacaq.

Razılaşmaya əsasən, may ayında Akademik Milli Dram Teatrının Moskvaya qastrol səfəri reallaşacaq. Hazırda tərəflər may ayında gerçəkləşməsi nəzərdə tutulan qarşılıqlı qastrolların təşkilati hazırlığı və nümayiş olunacaq tamaşaların müəyyənləşdirilməsi ilə məşğuldurlar.

Qeyd edək ki, A.P.Çexov adına Moskva Bədaye Teatrı 1898-ci ildə Rusiya teatrının görkəmli nümayəndələri K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenkonun rəhbərliyi ilə yaradılıb. 1919-cu ildən Akademik teatr statusuna malikdir. Teatrın yaradıcılığının böyük bir mərhələsi A.P.Çexovun və M.Qorkinin dramaturgiyasının səhnə təcəssümü ilə bağlıdır. 1987-ci ildə Moskva Bədaye Teatrının kollektivi iki müstəqil truppaya bölünüb: A.P.Çexov adına Moskva Akademik Bədaye Teatrına Oleq Yefremov, M.Qorki adına Moskva Akademik Dram Teatrına Doronina rəhbərlik etməyə başlayıb. O.Efremovun ölümündən sonra 2000-ci ildə A.P.Çexov adına Moskva Akademik Bədaye Teatrının bədii rəhbəri O.Tabakov olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR