Bank Of Baku

III Muğam televiziya müsabiqəsi maraqla qarşılanıb

III Muğam televiziya müsabiqəsi maraqla qarşılanıb
# 15 fevral 2011 08:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam” televiziya müsabiqəsinə start verilib. APA-nın məlumatına görə, üçüncü dəfədir keçirilən müsabiqə fevralın 14-də efir həyatına başlayıb. Beynəlxalq Muğam Mərkəzində baş tutan müsabiqə yeni açılan “Mədəniyyət” kanalı və AzTV vasitəsilə canlı yayımlanıb. İlk efir günü seçim turları zamanı müəyyənləşən 20 iştirakçıdan 10-u çıxış edib. Onların ifasını peşəkar sənətkarlardan ibarət münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətində Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov təmsil olunur.

Xalq artisti Mənsum İbrahimovun APA-ya verdiyi məlumata görə, qalan 10 iştirakçı fevralın 17-də, cümə axşamı öz ifasını təqdim edəcək. Bundan sonra 20 iştirakçının ümumi balları hesablanacaq. Ən az bal toplayan ifaçı müsabiqəni tərk edəcək. Seçimlər bu dəfə də yalnız münsiflər heyətinin qərarı ilə aparılacaq. Xalq artisti onu da bildirib ki, müsabiqə hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 21.00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və “Mədəniyyət” kanalı ilə yanaşı AzTV-də də canlı yayımlanacaq.

Xatırladaq ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil olunan müsabiqənin qalibləri isə Elməddin İbrahimov və Güllü Muradova olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR