Bank Of Baku

Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində münsiflər heyətində təmsil olunub

Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində münsiflər heyətində təmsil olunub
# 22 fevral 2011 11:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Avstriyanın Zalsburq şəhərində təşkil olunan X Beynəlxalq Motsart Müsabiqəsində beynəlxalq münsiflər Heyətinin üzvü kimi iştirak edib.

İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr edilən Zalsburqun “Mozarteum” konsert salonunda təşkil olunan müsabiqədə dünyanın müxtəlif ölkəsindən 32 yaşadək olan gənc musiqiçilər 4 kateqoriyada - violonçel, skripka, piano və bəstəkarlıqda məharətlərini göstəriblər.

“Mozarteum” Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin, Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri yer alıb. Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz Əlizadə müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar, həm də müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib. Bundan başqa, Firəngiz xanımın əsəri skripkaçıların yarışmasında proqrama salınıb. Bu kateqoriyada yarışanlar ikinci turda F.Əlizadənin “Dastan” əsərini ifa ediblər.

Qeyd edək ki, pianoçuların müsabiqəsində italiyalı, 23 yaşlı Federiko Kolli 1-ci yerə layiq görülərək, “Qran-pri” diplomu ilə təltif olunub. Koreyalı Çi Xe Çun 2-ci yerə, çinli Ksi O Şi Vu isə 3-cü yerə layiq görülüblər. Yubiley müsabiqəsinin təşkilat komitəsi qaliblər üçün dünya turnesini təşkil edəcək. Bəstəkarların müsabiqəsində isə Vyana təmsilçisi 23 yaşlı Poul Qoldmayer 3 turdan ibarət yarışmanı uğurla başa vuraraq “Qran pri”ni qazanıb. Poul Qoldmayer, həmçinin gələn il keçiriləcək müsabiqə üçün yeni əsər bəstələmək sifarişini alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR