Bank Of Baku

“Xocalı soyqırımı” sərgi-müsabiqəsinin açılışı keçirilib

“Xocalı soyqırımı” sərgi-müsabiqəsinin açılışı keçirilib
# 25 fevral 2011 13:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Xocalı soyqırımı” adlı sərgi-müsabiqənin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilən müsabiqəyə 125 əsər təqdim olunub. Onlardan 82-si I mərhələyə keçib. F. Xəlilov bu əsərlərin bir həftə ərzində sərgilənəcəyini, qaliblərin də bu müddət ərzində müəyyənləşəcəyini deyib. İttifaq sədri Xocalıda baş verən hadisələri, ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətlərini əks etdirən təsviri sənət əsərlərinin Azərbaycan rəssamlarının yaradıcılığında mühüm yer tutduğunu vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazirliyin tabeliyində olan bütün qurumlar tərəfindən Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Belə bir müsabiqənin əhəmiyyətindən danışan Ədalət Vəliyev qeyd edib ki, qalib əsərlər müxtəlif beynəlxalq sərgilərdə nümayiş olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sərgidə birinci yeri tutan əsər üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü 1000 manat ayrılmış, 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib. Təqdim olunmuş əsərləri Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcək və ən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəllifləri müvafiq nominasiyalar üzrə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR