Bank Of Baku

“Günay” uşaq teatrı Bolqarıstanda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək

“Günay” uşaq teatrı Bolqarıstanda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
# 26 may 2011 11:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyulun 10-dan 16-dək Bolqarıstanın “Qızıl qum” istirahət zonasında “Dəniz simfoniyası” Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək. Festival xalqlararası mədəni əlaqələrin, beynəlxalq yaradıcılıq münasibətlərinin, sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, inkişaf etdirilməsi məqsədi ilə təşkil olunub. Festival-müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən yaradıcılıq studiyasının “Günay” uşaq teatrı təmsil edəcək.

Teatrdan APA-ya verilən məlumata görə, balaca artistlər festivalda “Balıqçı və balığın nağılı” tamaşası ilə Bolqarıstan tamaşaçıları qarşısına çıxacaq. Onlar Rusiya, Polşa, Ukrayna, Bolqarıstanın peşəkar mədəniyyət və incəsənət ustalarının təşkil etdiyi ustad dərslərinə də qatılacaqlar.

Xatırladaq ki, “Günay” uşaq teatrı keçən il UNESCO-nun təşkilatçılığı ilə keçirilən Uşaq və Gənclər Teatrlarının 24-cü Beynəlxalq Festivalında da iştirak ediblər. Parisdə Tuluza-Daniel Sorano Teatrında keçirilən bu festivalda Ü. Hacıbəylinin “Arşın mal alan” komediyasını göstərən “Günay” uşaq teatrı mədəni ənənələri əks etdirən təsirli və dərin məzmunlu tamaşa üçün xüsusi mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR