Bank Of Baku

Bəstəkarlar İttifaqında “İpək yolu” II Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib – FOTO

Bəstəkarlar İttifaqında “İpək yolu” II Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib – <font color=red>FOTO </font>
# 27 iyun 2011 10:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında sabahdan start götürəcək “İpək yolu” II Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova və xanəndə Mütəllim Dəmirov iştirak edib. Festivalın proqramı ilə bağlı geniş məlumat verən F.Əlizadə, ötən il Şəkidə keçirilən “İpək yolu” II Beynəlxalq Musiqi Festivalının bu il Bakıda baş tutacağını diqqətə çatdırıb. İyunun 28-dən iyulun 1-dək keçiriləcək sözügedən musiqi festivalı Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilir. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa və İsveçrədən iştirakçılar qatılacaq: “Bir il bundan öncə böyük tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində “İpək yolu” I Beynəlxalq musiqi festivalının uğurla keçirilməsi bizi daha da ruhlandırıb və bu ənənəni davam etdirməyə sövq edib. Bu səbəbdən də bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ilində, ölkəmizin paytaxtı Bakı şəhərində ikinci dəfə festivalı keçirməyə hazırlaşırıq. Bu musiqi bayramı Xalça Muzeyində, istedadlı gənc musiqiçi Cavad Tağızadənin multimedia layihəsi ilə başlayacaq və bəstəkarlar İttifaqının tarixi binasında əməkdar rəssam Səbinə Şıxlinskayanın E. Qriqin musiqisinə həsr etdiyi orijinal installyasiyaların nümayişi ilə tamamlanacaq. Festival günlərində şəhərimizin qonaqları və paytaxtımızın sakinləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin uzun müddət səhnədə nümayiş etdirilməyən “Əsli və Kərəm” operasına yenidən tamaşa etmək, Ukraynanın “Rikoşet” ansamblının ifasında avanqard musiqisini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri-Şopen və Listin əsərlərindən həzz almaq, tanınmış alman dramaturqu P.Züskindin “Kontrabas” pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə çarpazlaşmış formasını izləmək imkanı əldə edəcəklər”.

F. Əlizadə deyib ki, bir-birindən maraqlı bu konsertlər İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun “Şirvanşahlar Sarayı Kompleksi”ndə, Azərbaycan Milli İncəsənət Muzeyində, Gənc Tamaşaçılar Teatrında və digər mədəniyyət ocaqlarında nümayiş olunacaq. Festival çərçivəsində tanınmış musiqiçilərin ustad dərslərinin keçirilməsi də planlaşdırılır.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev, xalq artisti, professor Ramiz Zöhrabov və başqaları ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına göstərilən diqqət və qayğıdan danışmış və festivalın işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, festivalın rəsmi açılış mərasimi sabah İçərişəhərdə Ü. Hacıbəylinin “Əsli və Kərəm” muğam operasının nümayişi ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR