Bank Of Baku

Fikrət Əmirovun Belçikada yaşayan nəvəsinin Bakıda konserti keçiriləcək

Fikrət Əmirovun Belçikada yaşayan nəvəsinin Bakıda konserti keçiriləcək
# 18 iyul 2011 14:46 (UTC +04:00)
Belçikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu, Belçika səfirliyi ilə "Buta" İncəsənət Mərkəzinin birgə təşkil etdiyi ikinci konsertdir. 2010-cu ildə keçirilmiş birinci konsertdə Kristian Plüvyer (fleyta), Murad Hüseynov (piano), Cavid Əsədov (skripka), Arslan Növrəsli (tar), Toğrul Əsədullayev (kamança), Abbas Səfərov (nağara), Rəvan Qaçayev və Mirpaşa Şükürovun (xanəndə) ifaları səslənib. Bu dəfə Belçika vətəndaşı olan azərbaycanlı pianoçu və bəstəkar-müğənni Nezrinin (Nəzrin Əfəndiyeva) ifası dinlənəcək: “Bakıda musiqiçi ailəsində doğulmuş Nezrin erkən yaşlarından musiqiyə, xüsusən müğənniliyə böyük həvəs göstərib. Onun babası məşhur Azərbaycan bəstəkarı və tamamilə yeni musiqi janrı olan simfonik muğamın banisi Fikrət Əmirovdur. Anası professor Sevil Əmirova pianoçudur və Bakı Musiqi Akademiyasında dərs deyib. Nezrin altı yaşında Bakıda musiqi məktəbinə yazılmış və fortepiano ixtisası üzrə təhsil alıb. 1995-ci ildə - 16 yaşında o, valideynləri ilə Brüssel şəhərinə köçüb. Burada Brüssel Kral Konservatoriyasında musiqi təhsilini davam etdirib. Nezrin 2001-ci ildə Konservatoriyanı piano sinfi üzrə birinci mükafat və ali mükafatla bitirib. 2003-cü ildə o, İspaniyanın Ueska şəhərində keçirilmiş Beynəlxalq Piano müsabiqəsinin mükafatçısı olub. Müxtəlif musiqi üslubları ilə maraqlanan Nezrin, “L’Estro” adlı barokko ansamblı yaratmış, özü bu ansamblda klavesin ifa edib. Təxminən 2010-cu ildən o, musiqi istiqamətini tamamilə dəyişərək mahnı ifasına diqqət yetirməyə, öz mahnılarını özü bəstələməyə başlayıb. Nəticədə şanson, şərq musiqisi, həmçinin caz və klassik musiqi janrlarının təsiri hiss olunan heyrətamiz mədəni sintez yaranıb. Nezrin bu günədək Belçikada yaşayır, belçikalı musiqiçilərlə birgə çalışaraq, öz müğənnilik karyerasını davam etdirir. Mahnılarını əsasən fransız dilində yazır, bununla yanaşı, babası Fikrət Əmirovun məşhur vokal əsərlərindən bəzilərini aranjeman edib”.

Konsertdə Nezrin Fikrət Əmirov musiqisinin caz improvizasiyalarını və öz mahnılarını ifa edəcək. Nezrinin dayısı, məşhur caz ifaçısı Cəmil Əmirov onun ansamblında ifa edəcək.
Konsertdən əldə edilən gəlirlər zorakılığın qurbanı olan, qanunla bağlı problemlər yaşayan və təcili qayğı və mühafizəyə ehtiyacı olan uşaqlara yardım üzrə “Qaynar Xətt” layihəsinə köçürüləcək.

Belçikanın Azərbaycandakı səfiri Lük Truyens konsert haqqında fikir bildirib: "Nezrinin iki konsertini keçirməyə müvəffəq olmaq bizi çox sevindirir. Nezrin iki ölkə arasında körpü yaradır. Azərbaycanda məşhur musiqiçilər ailəsində anadan olmuş Nezrin Belçika cəmiyyətinə tam inteqrasiya olub və öz sənətində hər iki xalqın musiqisini sintez edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR