Bank Of Baku

Rejissor Ramiz Həsənoğlunun səhhətində problem yaranıb

Rejissor Ramiz Həsənoğlunun səhhətində problem yaranıb
# 12 dekabr 2011 12:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın tanınmış rejissoru Ramiz Həsənoğlunun səhhətində problemlər yaranıb. APA-nın əldə etdiyi məlumata görə, rejissor ağ ciyər xəstəliyindən əziyyət çəkir. Rejissor bir müddət əvvəl bununla əlaqədar xəstəxanada da yatıb. Bu faktı APA-ya təsdiqləyən Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov, hazırda Ramiz Həsənoğlunun səhhətinin yaxşı olduğunu bildirib: “Bir müddət xəstəxanada yatdı və müalicə olundu. Ağ ciyərində problemlər var. Elə məhz bu səbəbdən də Mirzə Fətəli Axundova həsr olunan “Sübhün səfiri” filminin çəkilişlərinə ara verilib. Hər halda səbir etmək və Allahdan şəfa diləmək lazımdır. Film yubileyə kimi hazır olacaq”. Y. Şeyxov filmin çəkilişləri ilə bağlı hər hansı narahatçılığın olmadığını da əlavə edib.

Ramiz Həsənoğlu isə APA-ya açıqlamasında hazırda ev şəraitində müalicəsinin davam etdiyini deyib: “Xəstələnmişəm, müalicə olunuram. Bu problem deyil, sadəcə soyuq dəyib. Sağalan kimə çəkilişlərə başlayacağıq”.

Onu da bildirək ki, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə çəkilən “Sübhün səfiri” bədii filminin bir neçə ay bundan əvvəl başlanan çəkilişlərinə bu müddət ərzində bir neçə dəfə ara verilib.

Qeyd edək ki, Filmin ssenari müəllifi xalq yazıçısı Anar, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamov, geyim üzrə rəssamı Şahin Həsənlidir. Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov çəkilirlər. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Tubu xanım rolunu oynayır. Filmdə İlham Əsgərov, Bəxtiyar Xanızadə, Aleksandr Şarovski, Yuri Balıyev, Məbud Məhərrəmov, Rafiq Əliyev, Gülzar Qurbanova və başqaları da çəkilir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında istehsal olunur.

Filmin 2012-ci ildə - M. F. Axundovun 200 illik yubileyinə qədər təhvil verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR