Bank Of Baku

Rəşid Behbudov anılıb

Rəşid Behbudov anılıb
# 14 dekabr 2011 16:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün SSRİ xalq artisti Rəşid Behbudovun doğum günüdür. APA-nın məlumatına görə, bu münasibətlə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli müğənninin anım tədbiri keçirilib.

Tədbirdə sənətkarın keçdiyi həyat və sənət yolundan danışılıb, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfədən söhbət açılıb. Daha sonra Fərid Əliyev, Anar Şuşalı, Lalə Məmmədova, Teymur Əmrah, Nurlan Növrəsli, “Rast”qrupu və “Lalələr” rəqs qrupunun ifası nümayiş etdirilib. Sənətçilər ölməz Rəşid Behbudovun ifasında səslənən musiqiləri ifa ediblər.

Əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün Şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan R.Behbudov Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti, Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. Dövrünün Stalin, Mao Tsze Dun, Cəvahirləl Nehru, İndira Qandi, Süleyman Dəmirəl, Leonid Brejnev kimi məşhur siyasi-ictimai xadimləri R.Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəliblər. Korifey həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla da yadda qalıb.

Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR