Bank Of Baku

Xalça Muzeyində Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş “Xalçalarda Nizami dünyası” adlı sərginin açılışı olub

Xalça Muzeyində Nizami Gəncəvinin 870 illiyinə  həsr edilmiş “Xalçalarda Nizami dünyası” adlı sərginin açılışı olub
# 24 dekabr 2011 12:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş “Xalçalarda Nizami dünyası” adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, yubiley-sərgisində Nizami obrazları və onun ölməz əsərlərindəki motivlərin əks olunduğu xalçalar, tikmələr, metal və çini qablar nümayiş olunub. Açılış mərasimində çıxış edən Xalça Muzeyinin direktoru Röya Tağıyeva ötən gün dövlət başçısı İlham Əliyevin Nizami Gəncəvinin 870 illiyi ilə bağlı imzaladığı sərəncamı xatırladıb: “Bu gün biz Nizami yaradıcılığına yeni nəzərlə - xalq tətbiqi sənətində yeri və dəyəri nəzərindən baxacağıq. Nizami Gəncəvinin ölməz poemalarında xalq sənətlərinə və xüsusən xalçaçılıq sənətinə, saraylar bəzəyən gözəl xalça təsvirlərinə geniş yer verilib. “İsgəndərnamə” əsərinin “Şərəfnamə” hissəsində İsgəndərin Bərdə şəhərinə Nüşabənin sarayına qonaq getməsi səhnəsini, “Xosrov və Şirin”də Xosrovun Şirinin qəsrinə getməsi səhnəsini təsvir edərkən müxtəlif xalça növlərinə və yenə də “Xosrov və Şirin” poemasında Xosrovun ova çıxmasını təsvir edərkən məfrəşin və “Yeddi gözəl” əsərində Azərbaycanda çox geniş yayılmış xalça məmulatı olan heybənin təsvirini verib. Bu məlumatlar Azərbaycanda yüksək keyfiyyətli xalça məmulatları istehsal edildiyini tam göstərir”.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Zəhra Abdullayeva Nizami Gəncəvinin qələmə aldığı poema və qəzəllər xalq dilinə, onun adət-ənənəsinə, məişətinə daha yaxın olduğu üçün hamı tərəfindən rəğbətlə qarşılanıb sevildiyini deyib: “Azərbaycan və Təbriz sənətkarları da bu mənəvi qidadan bəhrələnib, bir-birindən gözəl miniatürlər, xalçalar yaradıblar. Nizami poeziyasının özünəməxsusluğu Təbriz, Şiraz, İsfahan kimi miniatür məktəblərini sanki yenidən həyata qaytardı. Təsadüfi deyil ki, Şərq təsviri sənətinin ən parlaq nailiyyəti Təbriz sənətkarlarının Nizami poemalarının süjeti əsasında yaratdıqları miniatürlər olub”. Sərgidə “Dilənçi qadının Məcnunu Leylinin qapısına aparması” və “Bəhram Gur və Fitnə ovda” - 1539-1543-cü illər Təbriz miniatürünün foto-surəti, “Ağaclı” kompozisiyalı xalçalar da nümayiş olunur.

Xalçaçı-rəssam Eldar Mikayılzadə, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov və başqaları Nizami Gəncəvi yaradıcılığından danışıblar. Sərgidə “Xalçalarda Nizami Dünyası” videoçarxı Dənizkənarı Parkda nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR