Bank Of Baku

“Mahmud və Məryəm” filminin çəkiliş meydançasından reportaj – FOTOSESSİYA

“Mahmud və Məryəm” filminin çəkiliş meydançasından reportaj – <font color=red>FOTOSESSİYA</font>
# 27 iyul 2012 14:59 (UTC +04:00)
Bu filmin özəlliyi Azərbaycan və Türkiyəni bir layihədə birləşdirməsidir. APA Şəkidə filmin ilk çəkilişlərinin aparıldığı meydançadan reportaj hazırlayıb. Bu ekran işinin hazırlıqlarını izləmək, çəkilişlərin necə baş tutduğunu görmək, aktyorların qrim otağında obraza hazırlanması prosesini seyr etmək, ən əsası mükəmməl işin həyata keçirildiyini görmək qürurverici idi. Elə çəkiliş meydançasına daxil olan andan layihənin rəhbərləri olan Türkiyə heyətinin xüsusi diqqəti ilə qarşılaşdım. Öyrəndim ki, bu çəkiliş meydançasından reportaj hazırlamaq üçün çoxsaylı KİV nümayəndələri müraciət etsə də, bu şans hələlik mənə nəsib olub. Çəkiliş prosesini işıqlandırmaq üçün hələ ötən ilin yayından filmin prodüseri Sevda Kayğızısdan icazə almışdım. Elə Sevda xanım da sözünə əməl edərək, bu filmin çəkilişlərini izləmək, aktyor heyəti ilə söhbət etmək üçün mənə şans yaratdı və maraqlı faktlarla tanış etdi.

Xristian qızını sevən Mahmudun atası Ziyad xan (Fəxrəddin Manafov) və anası Qəmərbanu (Məlahət Abbasova)...

Çəkiliş meydançası Karvansarada qurulub, ora daxil olan kimi dərhal Fəxrəddin Manafov və Məlahət Abbasovanın qrim otağına getdim. Elə içəri daxil olmuşdum ki, oğlu Mahmud xristian qızı Məryəmə aşiq olan Ziyad xan obrazını canlandıran Fəxrəddin Manafov xan obrazında qarşıma çıxdı. Məlahət xanım isə həmin müddətdə Qəmərbanu obrazına hazırlaşırdı. Hər görüşümüzdə “necə olmuşam” sualını ünvanlandıran aktrisaya yalnız “əla” sözü yaraşırdı. Həqiqətən də Qəmərbanunun geyimindən tutmuş qriminə kimi hər bir detal düşünülmüşdü. Mirzə Salman rolunun ifaçısı Şamil Süleymanov da film üçün hazırlanmış geyimdə özünü göstərib otağı tərk etdi. Havaların isti keçməsinə baxmayaraq, yaradıcı heyətdə heç bir narazılıq, ruh düşkünlüyü yoxdur. Aktyorların obraz geyimləri çox isti və ağır olsa da, bu hal narahatlıq doğurmur.

Çəkiliş meydançasında Azərbaycan və Türkiyə kino xadimlərinin bir-biri ilə mehribançılığı, fikir mübadilələri aparması, bir süfrə arxasında oturub zarafatlaşması da diqqət çəkirdi. Sevda Kayğızısla söhbət əsnasında öyrəndim ki, “Mahmud və Məryəm” filminin hər epizodunun çəkilişi əvvəl məşq edilir, sonra isə çəkilir. Eyni zamanda hər bir aktyorun səsi elə həmin anda qeyd edilir, yəni bu filmdə obrazların sonradan səsləndirilməsinə ehtiyac olmayacaq və bu, daha təbii ovqat yaradacaq.

XXI əsrin Mahmudu...

Digər qrim otağında Mahmud roluna tamamilə uyğun gələn Aras Bulut İynemli çəkilişə hazırlaşırdı. Karvansaranın ikinci mərtəbəsində yerləşən qrim otağında müəyyən söhbətlərdən sonra aşağı, çəkiliş məkanına gəldim. Əlimə fotoaparatı alıb çəkilişdən kadrlar götürmək istəyirdim ki, bu məqamda Türkiyə heyətindən bir nəfər mənə yaxınlaşıb fotoçəkilişə icazə verilmədiyini dedi. Həmin məqamda müasir Mahmudu fotokameramın yaddaşına köçürmək istəyirdim. Amma təəssüf ki, həmin tarixi fotoları sizlərlə bölüşə bilməyəcəyəm (Sevda xanım Kayğızısa aktyorların obrazlı geyimdə fotolarını yayımlamayacağıma söz verdim). XVI əsrdə mobil telefonun olmadığı məlumdur, amma Mahmud rolunu canlandıran Aras Bulut real həyatda da əsl Mahmud imiş. Bu, onun Karvansaranın mərkəzində dövrə vuraraq çəkilişdən əvvəl və sonra sevgilisi ilə telefonla danışmasından açıq-aydın görünürdü. Düşündüm, görəsən, XVI əsrdə mobil telefon olsaydı, Mahmudla Məryəm qovuşa bilərdimi? Telefon vasitəsilə istədikləri vaxt görüşə, söhbətləşə, hətta qaça bilərdilərmi? Bəlkə də... Amma Mahmud XVI, Aras isə XXI əsrin Məcnunudur.

XXI əsrin Mahmudunu uzaqdan müşahidə etdim və bu gənc aktyorun öz işinə nə dərəcədə məsuliyyətlə yanaşmasına heyran oldum. Aktyor gün boyu yalnız və yalnız öz obrazının içində idi, ssenarini əlində saxlayıb sözləri təkrar edir, çəkilişə hazır vəziyyətdə olurdu. Mahmudu həm at belində çaparkən izlədim, həm də əsəbi və sevgisinə qovuşmaq üçün bütün maneələri aşarkən...

Alqışlarla qarşılanan səhnə

İzlədiyim ən maraqlı səhnələrdən biri Fəxrəddin Manafovla Məlahət Abbasovanın kitabxanada dialoqu oldu. Oğlunun xristian bir qız sevgi bəsləməsindən narahat olan ananın həyat yoldaşı ilə dialoqu mükəmməl idi. Həmin səhnədə Ziyad xanın əlində kitab vərəqləməsi epizodu çəkilişi ekrandan izləyən rejissoru belə məst etmişdi. Fəxrəddin Manafov xan duruşu, baxışı, aşağı əyilmiş başını qürurla yuxarı qaldırmağı ilə bütün hisslərini çatdırmağa müvəffəq olmuşdu. Bu səhnənin çəkilişi bütün heyət tərəfindən alqışlarla qarşılandı.

Filmin büdcəsi 3 milyon manatdır

Daha bir maraqlı fakt isə çəkiliş müddətində heç bir gərginliyin olmamasıdır. Proses başladıqda hər kəsə bir kəlmə “səssizliyə diqqət, çəkiliş” demək kifayətdir ki, bütün səs-küy, söhbətlər kəsilsin. Bir epizodu çəkmək üçün iki və ya üç dəfə məşq edilir, sonra isə bu, kameranın yaddaşına köçürülür. Hansısa səhnənin çəkilişində cüzi problem yaşandıqda, filmin rejissoru Mehmet Ada Öztekinin bunu çox sakit qarşılamağı və qəti şəkildə gərginlik yaratmaması da diqqətimi çəkən məqamlardan biri idi. Çəkilişlərin plan üzrə getməsi və bütün günü davam etməsi də operativliyə dəlalət edirdi. Sevda xanım Türkiyədə həmişə çəkiliş prosesinin çox sürətlə başa çatdığını bildirir: “Sözsüz ki, çəkilişlərin tez bir zamanda başa çatması vacib faktdır. Gərək ki, aktyor həmin obrazdan yorulmamış və o roldan çıxmamış bunları edəsən”.

Hər bir səhnənin əvvəl böyük planı, sonra aktyorların gözləri, hərəkətləri hər bir xırdalığa qədər işlənir. Bu meydançada olarkən Türkiyədə film sektorunun inkişafında böyük rol oynayan faktorlara əyani şəkildə bələd olmaq imkanı qazandıq. İstər prodüser-rejissor- aktyor münasibətləri, istərsə də çox yüksək səviyyəli texnika, işıq avadanlıqları, peşəkarlıq, operativlik, gərginlikdən uzaq çəkiliş meydançası... İzlədiklərimdən bu nəticəyə gəldim - “Mahmud və Məryəm” həm reytinq, həm də peşəkar iş baxımından həqiqətən də rekord qıracaq. Sözsüz ki, burada aktyora verilən qonorarın və filmə ayrılan büdcənin də çox böyük əhəmiyyəti var.

Filmin büdcəsinə gəlincə, “Mahmud və Məryəm” filminə hər iki ölkə tərəfindən ümumilikdə 3 milyon manat vəsait ayrılıb. Daha dəqiq desək, layihəyə Türkiyə tərəfi 2, Azərbaycan tərəfi isə 1 milyon manat vəsait xərcləyəcək. Nəticədə film müxtəlif dillərdə dublyaj olunaraq (eyni zamanda Azərbaycan dilinə) ekranlara çıxacaq.

Azərbaycan aktyorlarının türk dili məşqi...

Filmdə hər bir Azərbaycan aktyoru Anadolu türkcəsində danışır və onların səsi dərhal lentə yazılır. Çəkiliş müddətindən kənarda da aktyorlarımız Türkiyədə ailə quran azərbaycanlı xanımla türk dili hazırlığı keçir, sözləri daha səlis demək naminə daim məşq edirlər. Filmdə Ceylan obrazı ilə tamaşaçıların görüşünə gələcək Amerika filmlərində oynayan xorvat əsilli aktrisa Kristina Krepela da gündəlik olaraq türk dilində söz balansını artırırdı. Kristinanın “Mahmud və Məryəm” filmində oynamaq arzusu çox böyük olduğundan, bu əziyyət onun gözünə görünmürdü. Bəzən çəkilişlərdən sonra saatın gec olmasına belə baxmayaraq filmin rejissoru Mehmet Ada Öztekin bu aktrisaya türk dilini öyrədirdi. Kristina türk sözlərini düzgün və səlis ifadə edə bilməməsindən dolayı bəzən narahat olur, hətta bu səbəbdən vaxtaşırı rolundan vaz keçirdi. Amma rejissor xorvatiyalı aktrisanı bu işi bacaracağına əmin edirdi.

Çəkiliş meydançasında daha bir sevindirici fakt artıq çox yaxşı tanıdığım və sevdiyim Azərbaycan kinosunun gəncliyi ilə gələcəyinin bu filmdə də çalışmasını görmək idi. Filmdə icraçı prodüser vəzifəsini Elşən Tarıverdiyev, inzibatçı vəzifəsini Elnur Əliyev, rejissor assistentliyini isə Anar Almazov icra edir. Quruluşçu rəssam Əziz Məmmədov, rəssam assistenti Arif Niftiyevdir. Pərvin Hətəmov, Ülvi Qasımov, Rəşad Mikayılov, Tural Məmmədov, Elyas Səfərov, İlahə Cəbiyeva, Mehriban Ələkbərovanın da adını bu siyahıda görmək sevindirici idi. Filmdə geyim üzrə rəssam assistenti sevimli aktrisamız Məlahət Abbasovanın bacısı Reyhan Abbasovadır. İstər Elşən Tarverdiyev, istərsə də Elnur Əliyev və Arif Niftiyevlə söhbətlərimiz zamanı filmin mükəmməl alınması üçün pul faktorunun çox böyük rol oynadığı qənaətinə gəldik. Hər halda, Azərbaycan kino sektorunda bu cür işini bilən, pozitiv insanların olması da çox vacibdir. Gənclərimizin Türkiyə heyəti ilə fikir mübadilələri əsasında yeni bilgilər əldə etməsi də Azərbaycanın kino sahəsində inkişafa, bəlkə də inqilaba zəmin yarada bilər...

Filmdə qısır qadın obrazının yaradan Tomris İncer Şəkidə səhnələri olmamasına rəğmən, hər gün çəkilişləri izləməkdən yorulmurdu. Azərbaycan tərəfindən isə eyni halı istedadlı aktyor Rövşən Ağayevdə müşahidə etdik.

“Mahmud və Məryəm” filmində açıq səhnələr...

...Yazıçı Elçinin “Mahmud və Məryəm” əsəri əsasında çəkilən eyniadlı filmi türkiyəli rejissor Mehmet Ada Öztekin ekranlaşdırır. Filmdə Aras Bulut İynemli (Mahmud), Eva Dedova (Məryəm), Fəxrəddin Manafov (Ziyad Xan), Məlahət Abbasova (Qəmərbanu), Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Melikov, Ufuk Şen, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər, Cemal Hünal da qonaq aktyor kimi iştirak edir. 25 nəfərlik dublyor heyətinə malik filmdə sürpriz qonaq aktyorların daxil ediləcəyi də gözlənilir. Aktyorlar 3 ay ərzində döyüş səhnələri üçün at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər. Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyanın qurulduğu 8000 kvadratmetrlik böyük bir yaylaqda çəkiləcək. Kostyumlar üçün 13000 metr parçadan istifadə olunub, o dövrə aid xalça və dekorasiyalardan istifadə olunan filmdə 4 fərqli ordunun hərbi kostyumları və döyüş alətləri hazırlanıb. Mindən çox saç, saqqal və bığ parikləri düzəldilib, 250 kiloqram süni qan emal edilib.

Çəkilişlər Safranbolu, Düzce, Bolu, Sakarya və İstanbulda bir yaylada davam edəcək “Mahmud və Məryəm” filminin xüsusi effektləri ABŞ-ın “New Boyana Film Studio”sunda hazırlanacaq. Filmdə təlim keçmiş qartal və qurdun çəkildi səhnələr də var, Bu səhnələrin bəziləri Macarıstanda çəkiləcək.

Mümkün olmayan bir məhəbbət hekayəsi 2012-2013-cü ildə kinoteatr və televiziyalarda...

120 dəqiqəlik film 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra da telekanallarda nümayiş olunacaq. Film Türkiyənin “24 Dördlük” (“Kare Film”) və Azərbaycanın “Salnamə” kinostudiyaları tərəfindən çəkilir. Filmin sahibliyini Sevda Kayğısız və Ali Kayğısız üzərinə götürüb. Xalq yazıçısı Elçinin bir çox dillərə tərcümə olunan və çox satılan romanına uyğunlaşdırılan “Mahmud ilə Məryəm” filminin Azərbaycandakı çəkilişləri avqustun ilk günlərində başa çatacaq.

Türkiyə və Azərbaycan Mədəniyyət və Turizm nazirliklərinin dəstəklədiyi filmin musiqisini Aygün Səmədzadə bəstələyir. Azərbaycan və Türkiyə texniki heyətinin müştərək olaraq çalışdığı filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik bir heyət işləyir. 1500-cü ildə baş verən bu hekayənin ssenarisini yazan Yerkan Kahramanın hazırladığı “Mahmud ilə Məryəm” filmi təxminən 10 həftə ərzində çəkiləcək. Filmdə açıq-saçıq səhnələrə də yer veriləcək. Filmdəki Dilbər və Ceylan Mahmudu başdan çıxarmaq üçün onun qarşısında soyunacaqlar. Lakin Mahmud öz sevgisinə xəyanət etməkdən çox uzaqdır...

Sevda Kayğısız: “İnsan sevgi nərdivanı ilə Tanrıya pillə-pillə yüksəlir”

Filmlə bağlı hər bir aktyorla ayrı-ayrı görüşüb söhbətləşdik. İstər Azərbaycan, istərsə də Türkiyə aktyorları bu layihədə olmaqdan məmnundur və görülən işin nəticəsinin uğurlu olmasını diləyirlər.

Fəxrəddin Manafov canlandırdığı hər bir obrazın onun üçün maraqlı olduğunu diqqətə çatdıraraq, rolu ilə bir çox məqamları göz önündə canlandırdığını bildirib.

Məlahət Abbasova isə oynadığı Qəmərbanu obrazının çox psixoloji və dramatik olduğunu deyib: “Qəmərbanu bir xanın həyat yoldaşıdır və bir şahzadənin anasıdır. Qəmərbanu bir iqtidar qadını, həm də bir anadır. Fəxrəddin bəyin enerjisini, onun gözlərinin dərinliyindən keçən hissləri duydum”.

Filmdə Məryəm rolunu canlandıran Eva Dedova bu həyəcanı bizimlə bölüşdü: “Bu filmdə olmaq çox gözəl və həyəcanlıdır. Məryəmi oynamaq həqiqətən də çox çətindir. Bu mənim ilk filmimdir, o səbəbdən də təcrübəsizəm, amma çalışıram. Mahmud da çox gözəl tərəf müqabildir. Onun rolu da, ifası da çox gözəldir. Mən onu izləyərkən sakitləşirəm. İnanıram ki, Məryəm xarakteri gələcəkdə yaradıcılığımda bir dönüş yaradacaq”.

Mahmud rolunu canlandıran Aras Bulut İynemli isə hər zaman oynadığı obrazı yaşadığını deyib. Aktyor bu filmlə əlaqədar at sürməyi, qılınc oynatmağı öyrənib.

“Bu hekayə sevgiyə sarılmağın təcəssümüdür. Filmlə Azərbaycan və Türkiyənin tanıdılmasına səy göstərilərək dünyada da insanların qəlblərinə toxunacağıq. Hər şey Allahdan gəlir və Allaha geri qayıdacaq. İnsan sevgi nərdivanı ilə Tanrıya pillə-pillə yüksəlir. Mövlanəyə görə, sevgi Yaradanın xüsusiyyətlərindəndir. İnsan nəyi, kimi sevərsə sevsin, bu sevgi əslində həqiqi varlığa olan sevgidir. Bu sevgi insanı qəzəbdən, heysiyyətdən xilas edəcək yeganə yoldur”. Bu fikirlər isə məhz filmin prodüseri və bu layihənin həyata keçməsi yönündə uzun müddət çalışan Sevda Kayğısıza məxsusdur.

P.S. Filmin çəkilişlərindən aktyorların obrazlı geyimlərdə olan fotoları sizə təqdim etmək imkanım, daha doğrusu, icazəm yoxdur. Amma sizlərə çəkilişlərdən kənar fotoları təqdim edirəm.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR