Bank Of Baku

Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirilib

Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirilib
# 02 avqust 2012 19:39 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ilə bağlı avqustun 2-də “Beltmann” Piano Fabrikində yerli və xarici ölkə jurnalistlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə tədbirdə çıxış edənlər builki festivalda iştirak edən dünya şöhrətli solistlərin, dirijor, bəstəkar və vokalçıların, eləcə də kamera və simfonik orkestrlərin, bədii kollektivlərin sayının ötən ildəkindən çox olduğunu vurğulayıblar. Bu il gənc xanəndələrin iştirakı ilə festival çərçivəsində muğam axşamı keçirilib, “Şur” simfonik muğamı ilk dəfə Azərbaycan Dövlət Simfonik Orkestrinin, xanəndə, tar və kaman ustalarının ifasında tamaşaçılara təqdim edilib. Bundan əlavə dünya şöhrətli musiqiçilər Müslüm Maqomayevin 70, Fikrət Əmirovun 90, Niyazinin 100 illik yubileyi münasibətilə konsertlər təşkil olunub. Gələn il bu musiqi bayramının 5 illik yubiley tədbirinin daha möhtəşəm keçiriləcəyi qeyd edilib. Bildirilib ki, 2013-cü ildə Qəbələ festivalında Pianoçuların III Beynəlxalq Müsabiqəsinin keçirilməsi, dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Arşın mal alan” operasının 100 illik, məşhur İtaliya bəstəkarı Cüzeppe Verdinin 200 illik yubileyi ilə bağlı konsertlərin təşkil edilməsi planlaşdırılır. Tədbirdə festivalın bədii rəhbərləri Fərhad Bədəlbəyli və Dmitri Yablonski, Rusiyanın Xalq artisti, xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün “Xocalı” matəm musiqisini hazırlamış məşhur bəstəkar Aleksandr Çaykovski, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Yuri Başmet, dünya şöhrətli pianoçu Boris Berezovski jurnalistlərin suallarını cavablandırıb.
Bəstəkar Aleksandr Çaykovski çıxışında “Xocalı” matəm musiqisini hazırlamaqla bir çox ölkələrdə müharibədən əziyyət çəkən insanlara dəstək olmaq istədiyini bildirib. “Mən əvvəlcə Xocalı faciəsi haqqında məlumat topladım, müxtəlif video kadrlara baxdım, Azərbaycanın musiqi nümunələrini disklər vasitəsilə dinlədim və bunlardan ilhamlanaraq bu əsəri yazdım. Ümid edirəm ki, bu musiqinin ifası ilə festivalın iştirakçısı olan bütün tamaşaçılar, eləcə də bütün dünya ictimaiyyəti müharibənin ağrı-acısını yaşayan insanların vəziyyətini başa düşəcək. Bundan sonra axıdılan qana və tökülən göz yaşlarına son qoyulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR