Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı mövsümün ilk beynəlxalq festivalına hazırlaşır

Gənc Tamaşaçılar Teatrı mövsümün ilk beynəlxalq festivalına hazırlaşır
# 04 sentyabr 2012 11:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Belarus Respublikasının Brest şəhərində keçiriləcək ənənəvi XVII “Belaya Veja – 2012. Klassika Plus” (“Ağ qala”) festivalında çıxış edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə 10 nəfərlik nümayəndə heyəti sentyabrın 6-dan – 12-dək Belarus Respublikasına səfər edəcək. Festival sentyabrın 7-dən - 14-dək davam edəcək. Hər il keçirilən ənənəvi “Belaya Veja” (“Ağ qala”) teatr festivalında kollektiv İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası ilə çıxış edəcək Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər. Dünyanın 11 ölkəsindən 26 kollektiv ən yaxşı klassik əsərləri ənənəvi və yeni interpretasiyalarda təqdim edəcək. Festivalda Azərbaycan, Belarus, İsrail, Moldova, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın, dünyanın digər ölkələrinin dram, kukla, poeziya, meydan, musiqili teatrları iştirak edəcəyi gözlənilir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü dəfədir ki, sözügedən festivala dəvətlidir. Brestlilərə və şəhərin qonaqlarına Azərbaycan, Belarus, rus, polyak, Ukrayna dillərində və başqa dillərdə (rus dilinə tərcümə ilə) tamaşalar təqdim olunacaq. Festival həftəsi sentyabrın 7-də M.Qorki adına Milli Akademik Dram Teatrının “Ağıldan bəla” tamaşası ilə açılacaq.

Festivalın təşkilatçıları Brest Vilayət İcra Komitəsi, Belarus Mədəniyyət Nazirliyi və Brest Akademik Dram Teatrıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR