Bank Of Baku

Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb
# 06 sentyabr 2012 14:04 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 18 - 29 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq ənənə halını almış bu möhtəşəm festivalın açılışı 4-cü ildir ki, 18 sentyabr "Musiqi Günü"nə təsadüf edir. Ötən illərdə olduğu kimi, bu il də festival çərçivəsində Bakının konsert zallarında, teatr səhnələrində və muzeylərində Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Argentina və İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlərin iştirakı ilə tədbirlər keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində Köln Akademik Kamera Orkestri (Almaniya), “Signum” saksofon kvarteti (Almaniya), Zaxar Bronun rəhbərliyi ilə Beynəlxalq müsabiqə qaliblərindən ibarət Kamera Orkestri, "Moskva virtuozları" kamera orkestri (Rusiya), Vladimir Spivakov (dirijor, Rusiya), Gürer Aykal (dirijor, Turkiyə), Solen Paidassi (violin, Fransa), İlya Maksimov (piano, Rusiya), AŞU (saksofon, ABŞ), və başqalarının çıxışları gözlənilir. Azərbaycanın tanınmış dirijor və solistləri, kollektivləri də xarici musiqiçilərlə səhnəni bölüşəcək. Festival çərçivəsində "Üzeyir evinin qonaqları" adlı yeni musiqi layihəsi təqdim olunacaq. Layihədə gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri keçiriləcək. Eyni zamanda C.Puççininin "Canni Skikki" operası (Azərbaycanda ilk ifa), Q.Qarayevin "Yeddi gözəl" baleti, Ağcabədi "Qarabağ" Muğam Mərkəzində Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" tamaşaları nümayiş olunacaq. Bu ildən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Rusiyanın “Musiqi Olimpi” Fondu ilə əməkdaşlığa başlayır və məhz bu əməkdaşlıq çərçivəsində festival müddətində “Musiqi Olimpi” Fondunun xətti ilə gənc beynəlxalq müsabiqə laureatlarının konsertləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR