Bank Of Baku

II Bakı beynəlxalq teatr konfransına həsr edilmiş mətbuat konfransı keçirilib

II Bakı beynəlxalq teatr konfransına həsr edilmiş mətbuat konfransı keçirilib
# 05 noyabr 2012 15:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında II Bakı beynəlxalq teatr konfransına həsr edilmiş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni, Uşaq və Gənclər Teatrlarının Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi, polşalı dramaturqu, teatr və kino rejissoru Kşiştof Zanussi, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov və Beynəlxalq Teatr İnstitutunun Səudiyyə mərkəzinin prezidenti İbrahim Assiri iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən II Bakı beynəlxalq teatr konfransının əhəmiyyətindən danışılıb və tədbir yeni yaradıcılıq axtarışları, qarşılıqlı əməkdaşlıq baxımından yüksək qiymətləndirilib.

“Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusuna həsr olunmuş və müxtəlif ölkələri təmsil edən teatr mütəxəssislərinin qatıldığı bu konfrans bütün iştirakçılar üçün maraqlı olacaq və dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Qeyd olunub ki, teatr ən böyük ünsiyyət vasitələrindəndir və növündən, janrından, hansı millətə məxsus olmasından asılı olmayaraq bu incəsənət sahəsi dağıdıcı yox, qurucu olmalıdır. Konfrans tək danışıq yeri deyil, eyni zamanda teatrlarda olan problemlərin, qarşıda duran vacib məsələlərin həlli yollarında əhəmiyyətli addımların atılması üçün mühüm vasitədir. Dünya teatrlarında böhran müşahidə olunduğunu qeyd edən iştirakçılar, bütün bunlara baxmayaraq Azərbaycanda teatrların inkişaf etdiyini və bu sahəyə dövlət qayğısının göstərildiyini mühüm hadisə kimi qiymətləndiriblər. Qonaqlar Azərbaycanda müxtəlif tamaşalara baxdıqlarını və burada qədim ənənəsi olan teatrların mövcudluğunu bildiriblər. Vurğulanıb ki, Azərbaycan teatrlarında özünəməxsus xüsusiyyətlərlə yanaşı, keçmiş SSRİ və Qərb teatrlarının elementlərini də görmək mümkündür. Azərbaycanın ASSİTEJ-ə üzv olduğunu yüksək qiymətləndirən natiqlər ölkəmizi digər proqramlarda da görmək istədiklərini vurğulayıblar. Sonda qonaqlar Mədəniyyət və Turizm Nazirliyinə xatirə hədiyyələri təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR