Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci yarısının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci yarısının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib
# 29 avqust 2007 11:52 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2007-ci ilin birinci yarısının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Qarayev yarım il ərzində ölkə başçısının mədəniyyət və turizm sahəsində 40-a yaxın sərəncam və fərman imzaladığını deyib. Nazir ötən il ərzində Qobustan Tarix Mədəniyyət Qoruğunun UNESCO-nun Dünya İrsi siyahısına daxil edilməsi, Venesiyada keçirilən dünya sərgisində Azərbaycan guşəsinin açılması və Montredə keçirilən caz festivalında Azərbaycanın da iştirak etməsini mühüm hadisələr kimi qiymətləndirib. Bir neçə teatrda əsaslı təmir işlərinin uğurla davam etdirildiyini nəzərə çatdıran Ə. Qarayev, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının bu ilin dekabrında, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının isə gələn il təhvil veriləcəyini bildirib. Kitabxanaçılıq sahəsində də yenidənqurma işlərinin aparıldığını deyən nazir bu sahədə yeni layihələrin həyata keçiriləcəyini açıqlayıb. Belə ki, kitabxanalarda sovet dövründən qalmış klub sistemi təkmilləşdiriləcək. O, Azərbaycandakı abidələrin, memorial komplekslərin və barelyeflərin bəzilərinin yenidən qurulması üçün ölkə başçısına müraciət edəcəklərini söyləyib: “Mənəvi cəhətdən yararsız olan abidələr, heykəltəraşlıq nümunələri xüsusi yerə yığılacaq. Heykəli, abidəni dağıtmaq olmaz. Heykəl yaradılıbsa, onu mütləq saxlamalıyıq”. Turizm sahəsində də bir sıra irəliləyişlər olduğunu deyən Ə. Qarayev bu ilin yarım illik turizm rəqəmlərinin 2006-cı ilin birinci yarımilliyi ilə müqayisədə daha çox olduğunu qeyd edib: “2006-cı ilin birinci yarımilliyi ilə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı 11,9% artıb. Avropa və MDB ölkələrinin turizm şirkətləri ilə ciddi işlər aparırıq. Bu gün Azərbaycanda bizimlə razılaşdırılmış 22 obyekt tikilməkdədir. Bizimlə razılaşdırılmamış obyektlərin tikintisi ilə rastlaşdığımız an həmin obyektlər söküləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR