Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin 4 iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin 4 iclası keçirilib
# 17 sentyabr 2007 09:10 (UTC +04:00)
Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayından ötən 2 ay ərzində, yay ayları olmasına baxmayaraq, fəaliyyətini davam etdirən ittifaqın yeni seçilmiş İdarə Heyətinin 4 iclası keçirilib. Xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə keçirilən bu iclaslarda prezident İlham Əliyevin 6 avqust 2007-ci il tarixdə “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması” ilə bağlı imzaladığı 612 saylı fərmandan irəli gələn məsələlər, təqaüdə adları namizəd göstərilən bəstəkar və musiqişünasların yaradıcılıq fəaliyyətləri müzakirə olunub. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclaslarda həmçinin cari ilin sonunadək Bəstəkarlar İttifaqının iş planı, qurumda yeni bölmələrin yaradılması, o cümlədən bölmələrin tərkibi, sədr və həmsədrlərinin namizədliyi təsdiq olunub. Hazırda Bəstəkarlar İttifaqında 11 bölmə - “Simfonik və xor musiqisi”, “Kamera musiqisi”, “Musiqili səhnə əsərləri”, “Uşaq və gənclərin musiqi-estetik tərbiyəsi”, “Musiqişünaslıq və tənqid”, “Muğam və etnomusiqişünaslıq”, “Mahnı”, “Xalq çalğı alətləri və nəfəs alətləri üçün musiqi”, “Gənclərlə iş”, “Televiziya, radio fəaliyyəti və kino”, “Caz musiqisi” bölmələri fəaliyyət göstərir. Bunlardan “Simfonik və xor musiqisi” və “Kamera musiqisi” bölmələri yeni fəaliyyətə başlayıb. Məlumatda bildirilib ki, Dəvəçi rayonunda inşa ediləcək Respublika Yaradıcılıq Evi üçün hazırlanan layihə də ittifaqın iş planına daxildir. Sözügedən layihə artıq müvafiq təşkilatlara təqdim edilib. Bu ilin sonunadək Bəstəkarlar İttifaqının iştirakı ilə bir sıra dövlət miqyaslı tədbirlərin - dirijor və görkəmli bəstəkar SSRİ xalq artisti Niyazinin anadan olmasının 95 illiyi ilə əlaqədar elmi-praktik konfrans, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin 90 illik yubileyinə həsr olunan tədbirlər, Naxçıvan, Lənkəran və Sumqayıt şəhərlərində mahnı janrına həsr olunan səyyar plenumların keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Bəstəkarlar İttifaqında gənclərin yaradıcılığı həmişə diqqət mərkəzində olacaq. Azərbaycan professional musiqisinin gələcəyini təmin edəcək bugünkü gənc bəstəkarların yaradıcılığında stimul yaratmaq üçün Bəstəkarlar İttifaqının “Gənclərlə iş” bölməsinin geniş fəaliyyət proqramı təsdiq olunub. Belə ki, noyabr ayında Orqan və Kamera Musiqisi Zalında “Gənclik ili” ilə əlaqədar gənc bəstəkarların kamera musiqisindən ibarət 2 günlük baxışın və konfransın keçirilməsi nəzərdə tutulub. Artıq indiyədək 16 bəstəkarın iştirakı ilə 3 dinləmə keçirilib. Ən yaxşı əsərlər Orqan və Kamera Musiqisi Zalında keçiriləcək baxış-konsertində səsləndiriləcək. Bu konsertdə xarici ölkələrdən tanınmış bəstəkar-pedaqoqların da iştirakı nəzərdə tutulub. Bundan başqa, “Gənclik ili” ilə əlaqədar Bəstəkarlar İttifaqında “Müstəqillik illərində gənc bəstəkar və musiqişünasların yaradıcılığı” mövzusunda konfransın təşkili də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR