Bank Of Baku

Fotoqraf Reza Deqqeti: “Dünyanın müxtəlif ölkələrində açılan sərgilərimdə Xocalı faciəsini əks etdirən fotolara yer verirəm”

Fotoqraf Reza Deqqeti: “Dünyanın müxtəlif ölkələrində açılan sərgilərimdə Xocalı faciəsini əks etdirən fotolara yer verirəm”
# 18 oktyabr 2007 08:31 (UTC +04:00)
“Azərbaycana bir neçə səfərim olub. 20 yanvar günlərində, Qarabağ müharibəsində burada olmuşam, ən qaynar nöqtələrdən fotoşəkillər çəkib Azərbaycan həqiqətlərini dünyaya çatdırmışam. İstər Avropa, istərsə də digər dünya ölkələrində açılan sərgilərimdə Xocalı faciəsini əks etdirən fotoşəkillər xüsusi yer tutur”. Bu açıqlamanı APA-ya “Fransa Fəxri Legionunun kavaleri” adına layiq görülən yeganə azərbaycanlı-xeyriyyəçi, əslən Təbrizli olan məşhur fotoreportyor Reza Deqqəti verib. Azərbaycanda keçirilən “Mövlana Cəlaləddin Rumi Günləri” çərçivəsində ölkəmizdə səfərdə olan soydaşımız bildirib ki, bu günə kimi müxtəlif ölkələrdə 30-dan çox sərgisi təşkil edilib və hamısında da ermənilərin Azərbaycanda törətdiyi əməllər, torpağından çıxarılan azərbaycanlı qaçqın-köçkünlərinin şəkilləri sərgilənib: “Seyrçilər bu şəkillərə baxıb heyrətlənirlər ki, biz həqiqətin bu şəkildə olduğunu bilmirdik. Xarici ölkələrdə yayılan məlumatlar heç də bizim xeyrimizə deyil. Açığı, Qərb ölkələri daha çox qarşı tərəfə rəğbət bəsləyirlər”. Bütün ömrünü səfərlərdə, müxtəlif ölkələrdəki insan həyatlarını müşahidədə keçən fotoreportyorun ilin sonuna kimi Parisdə üç sərgisi açılacaq. Oktyabrın 24-ü, noyabrın 15-i və dekabrın 4-də açılacaq və “Bir dünya-bir ailə” adlanan bu sərgilərin hamısında Azərbaycan həqiqəti seyrçilərə təqdim ediləcək: “Bu sərgilərdə 110 dövlətdə çəkdiyim şəkillər nümayiş olunacaq. Bu şəkillərlə bir daha göstərmək istəyirəm ki, bütün bəşər bir ailədir”. Yaxın günlərdə dünyanın daha dörd şəhərində sərgilərinin açılması planlaşdırılan Reza Deqqətinin diqqətini hazırda İpək Yolu və dünya qadınları mövzusu cəlb edir: “Mənə elə gəlir ki, qadınlar dünyanı bütünlüklə dəyişə bilər. Qadınlara cəmiyyətdə, hökumətlərdə nə qədər çox yer verilsə, bir o qədər dünya yaxşılığa doğru dəyişə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR