Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumunun ilk günü başa çatıb.
APA xəbər verir ki, tədbirdə ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edib.
Birinci paneldə “Azərbaycan teatrında ənənə və trendlər” müzakirə edilib. Teatrşünas İlham Rəhimli bir neçə təkliflə çıxış edib.
O, özəl müəssisələrdə adicə mühafizəçilərin xalq artistlərindən iki-üç artıq maaş aldığını qeyd edib. İlham Rəhimli teatr jurnalının təsis edilməsini də təklif edib.
Yazıçı-dramaturq Əli Əmirli bugünkü dramaturji vəziyyətdən söz açaraq ƏSA Teatrına dövlət teatrı statusu verilməsinin vacibliyinə diqqət çəkib.
Çıxışlardan sonra panel mövzusu digər iştirakçıların sualları ilə davam etdirilib.
İkinci paneldə “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” mövzusu ətrafında müzakirələr aparılıb.
Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə əvvəlki təhsillə indiki təhsili müqayisə edib. O, Mədəniyyət və İncəsənət Universitetinin Elm və Təhsil Nazirliyinin balansından çıxarılaraq Mədəniyyət Nazirliyinə verilməsinin vacibliyinə toxunub.
İkinci paneldə Rusiyadan və Türkiyədən gələn qonaqlar da çıxış edib. Rusiya Teatr Sənəti İnstitutunun direktoru Qriqoriy Zaslavski və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatr İdarəsinin baş direktoru Mustafa Kurt hər iki ölkənin teatr sektoru ilə ölkəmizdəki teatr sektorunu müqayisə edib.
Panelin yekununda suallar cavablandırılıb.
Forum öz işinə sabah yekun vuracaq.
***
11:02
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu başlayıb.
APA xəbər verir ki, tədbirdə ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edir.
İki gün davam edəcək forum çərçivəsində Azərbaycan teatrının bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq.