Prodüser və animatorlar üçün Azərbaycanda təlimlər keçiriləcək
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilir.
Nazirlikdən APA-ya verilən xəbərə görə, təlim Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə baş tutacaq, oktyabrın 9-dan başlayaraq 8 həftə davam edəcək.
Təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsətini əldə edəcəklər.
İştirakçılar sertifikatla təltif olunacaqdır, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.14-cü yarımbəndinə əsasən.
Qeydiyyat oktyabrın 8-nə qədər davam edəcək. Təlimə qatılmaq istəyən şəxslər tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) [email protected] ünvanına göndərə bilərlər.
Həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbuluna da start verilir.
Bu 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkarlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə həyata keçirilir. Təlimi nəzərə alaraq ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur.
Bu təlim "Lakeside" animasiya studiyasının kreativ direktoru Matthew Lyonnun rəhbərliyi altında keçiriləcək. Onun beynəlxalq miqyasda qəbul edilmiş işləri "Netflix" və "Apple TV" daxil olmaqla beynəlxalq yayım platformasında və dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanmışdır.
Qeydiyyat oktyabrın 8-nə qədər davam edəcəkdir. Təlim proqramında iştirak etmək istəyənlər tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) [email protected] ünvanına göndərə bilərlər.
"Animator’s Accelerator" təlim proqramı, yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq səviyyədə tanıtmağı hədəfləyir və Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.