Bank Of Baku

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirilib - FOTO

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirilib - FOTO
# 09 iyul 2025 19:38 (UTC +04:00)

Nizami Kino Mərkəzində Baku TV-nin istehsal etdiyi “Söz” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictimai sektorun nümayəndələri iştirak ediblər.

Film 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran işində Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsi təsvir olunur.

Təqdimat mərasimində çıxış edən Baku TV-nin direktoru Ramin Cəfərov bildirib ki, “Söz” sənədli filminin beynəlxalq müsabiqələrdə qələbə qazanması Baku TV-nin uğurudur və bu, komandanın zəhmətinin və peşəkarlığının nəticəsidir: “Qarabağ mövzusunu əhatə edən filmin beynəlxalq səviyyədə tanınması və uğur qazanması Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün növbəti fürsətdir. Bu filmi bizə daha da yaxın edən hekayənin qəhrəmanı olan Ələkbərin Baku TV-nin əməkdaşı olmasıdır. Ekran əsərində qəhrəman müharibəyə qədərki, 44 gün davam edən müharibə zamanı və Zəfərdən sonrakı emosional vəziyyətini öz dilindən təqdim edir. “Söz” filmi Azərbaycan xalqının bu proseslərdəki ümumiləşdirilmiş obrazını əks etdirir”.

Filmin rejissoru Leyli Məhərrəm çıxışında qeyd edib ki, "Əsas məqsəd Qarabağ həqiqətlərini birbaşa hadisə iştirakçısının dilindən dünyaya çatdırmaq olub və filmin beynəlxalq müsabiqələrdə uğur qazanması bütün komanda üçün böyük fəxrdir".

Qeyd edək ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.

“Söz” beynəlxalq uğurlar da qazanıb. Belə ki, film Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da mükafat qazanıb. Ekran əsəri, həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

Xatırladaq ki, IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən nüfuzlu 25 film festivalından biridir. 21 illik tarixində festivalda dünyanın məhur aktyorları, prodüserləri, rejissorları və ssenaristləri mükafatlandırıblar. Mükafatçılar arasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi və Erik Roberts kimi məşhur şəxslər var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR