May ayının 12-də Naxçıvan şəhərində Heydər Əliyev Sarayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Come to Nakhchivan” foto-albomunun (Azərbaycan və ingilis dillərində) təqdimat mərasimi keçirilib.
APA xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bildirib ki, “Come to Nakhchivan” foto-albomuna nəzər yetirdikdə burada Ulu Öndərin bir zaman arzuladığı gənclik görünür.
“Albom-katoloqda əsasən təbiət şəkillərinə, Naxçıvanın zəhmətkeş insanlarının fotolarına yer verilib. Bununla bərabər Naxçıvan mətbəxindən nümunələr, eyni zamanda etnoqrafiyamızın müxtəlif sahələri komplekt şəkildə formalaşdırılaraq, albomda cəmləşdirilib. Bu foto-albom naxçıvanlı gənclərin şəxsi təşəbbüsüdür”, - o deyib.
“Come to Nakhchivan” layihəsinin rəhbəri, jurnalist Sara Əzimova ilin 4 fəslində Naxçıvanın təbiətini, kəndlərini qarış-qarış gəzərək gördüklərini fotolarda əbədiləşdirdiklərini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli çıxış edərək deyib ki, gənclər foto-albomda Naxçıvanın təbiətini, zəhmətkeş insanlarını öz yaradıcı təxəyyülü ilə təqdim etməyi bacarıblar.
Tədbir çıxışlarla davam edib.