Bank Of Baku

“GabalaFest” çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb - FOTO

“GabalaFest” çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb - FOTO
# 29 iyul 2026 22:10 (UTC +04:00)

“GabalaFest” çərçivəsində “Mədəniyyətlərin qovşağı” adlı ilk beynəlxalq incəsənət sərgisi keçirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, sərgi Azərbaycan, Çin, Almaniya, Macarıstan, Qazaxıstan, Koreya Respublikası, Rusiya, Türkiyə, Türkmənistan, Birləşmiş Krallıq və Özbəkistandan 30-dan çox tanınmış incəsənət ustasını bir araya gətirir. Layihə rəssamlıq, heykəltaraşlıq və fotoqrafiya vasitəsilə mədəniyyətlər, ənənələr və nəsillər arasında bədii dialoqu təşviq edir.

Ekspozisiyada dünyanın müxtəlif ölkələrindən tanınmış sənətkarların bədii ustalığı və mədəni dialoqu əks etdirən əsərləri təqdim olunur. Sərgidə sənətkarlar Akmal Nur, Alpısbay Kazqulov, Arif Əziz, Ayan Əziz Məmmədova, Ayləl Heydərova, Cavlon Umarbekov, Ceff Robb, Cəsar Məmmədov, Devid Beqbi, Elşad H. Əliyev, Jambul Natbayev, Jen Quansyu, Qəhriman Qoçmıradov, Leyla Əliyeva, Məzahir Rüstəmov, Nigar Bağırova, Ömər Eldarov, Rafael Əliyev, Refik Aziz, Rəşad Mehdiyev, Röya Həsən, Sakit Məmmədov, Səfrəndə Abdullayeva, Səmədağa Cəfərov, Şəhla Qəhrəmanlı, Tamaş Yanoş Molnar, Tolkın Tabısbek, Ülviyyə Həmzəyeva, Yonqmo Cunq, Yonq Vu Li, Yens Hesse və Yuristanbek Şıqayev iştirak edirlər.

Ekspozisiyanın diqqətçəkən əsərləri sırasında Azərbaycanın Xalq rəssamı Arif Əzizin ritmik kompozisiyaları xüsusi yer tutur. Onun yaradıcılığı Azərbaycan müasir təsviri sənətinin parlaq nümunələrindən biri hesab olunur və milli mədəni irsi Qərb modernizminin estetikası ilə üzvi şəkildə birləşdirir.

Təbiət sərginin əsas mövzularından biri Leyla Əliyevanın qara-ağ kompozisiyaları diqqəti cəlb edir. Bu əsərlərdə qanadları eskizə bənzər motivlərlə işlənmiş nəfis arılar naxışlı yarpaqlar üzərində təsvir olunub. Yüksək dekorativliyi və zəngin ornamentləri ilə seçilən bu kompozisiyalar təbiətin gözəlliyini və kövrəkliyini poetik şəkildə əks etdirir.

Ekspozisiyada folklor və mifologiya motivləri də mühüm yer tutur. Qədim İpək Yolunun mədəni irsindən ilhamlanan rəsm və heykəltaraşlıq əsərlərində təsvir olunan əfsanəvi qəhrəmanlar əsrlər boyu müxtəlif sivilizasiyaları birləşdirən ortaq hekayələri yaşadır. Sərgi yaradıcılıq prosesini tamaşaçıların da iştirak etdiyi təcrübəyə çevirən iki interaktiv instalyasiya ilə qalereya divarlarının hüdudlarını aşır.

Leyla Əliyevanın bədii dilindən ilham alan “Xromatik rezonans” instalyasiyasında ziyarətçilər böyük miqyaslı birgə sənət əsərinin yaradılmasında iştirak edəcəklər. “Baxış ağacı” isə qonaqları öz ümidlərini, arzularını və planetimizin gələcəyi ilə bağlı düşüncələrini bölüşməyə dəvət edəcək və festival boyunca instalyasiyanın üzvi şəkildə formalaşmasına imkan yaradacaq.

Bədii proqram çərçivəsində Birləşmiş Krallıq, Azərbaycan, Özbəkistan və Rusiyadan olan beynəlxalq səviyyədə tanınmış sənətkarların rəhbərliyi ilə silsilə ustad dərsləri keçiriləcək.

Britaniyalı rəssamlar Mett Layon, Mr. Meana, Tessa Nyumark və Lüsi Smit müxtəlif kreativ ustad dərsləri təqdim edəcəklər.

“Nike” şirkəti ilə əməkdaşlığı, Ledi Qaqanın albom dizaynı və London metropoliteni üçün hazırladığı işlərlə tanınan illüstrator Mett Layon iştirakçıları özünəməxsus “doodle-art” üslubu ilə tanış edəcək.

Birləşmiş Krallığın aparıcı mural rəssamlarından biri olan Meana beynəlxalq brendlər, Premyer Liqa futbol klubları və Britaniya kral ailəsinin üzvləri ilə əməkdaşlığı ilə tanınır. O, festival çərçivəsində “street-art” laboratoriyası təşkil edəcək və qraffiti sənəti üzrə ustad dərsləri keçirəcək. Britaniyalı miniatür ustası Tessa Nyumark “Qutuda öz Qəbələ dünyanızı yaradın” adlı ustad dərslərinə rəhbərlik edəcək. Burada hər bir iştirakçı özünü və ailəsini əks etdirən miniatür dioramanı hazırlayaraq onu xatirə kimi özü ilə aparacaq.

Lüsi Smitin “Qəbələyə məktublar” adlı ustad dərslərində iştirakçılar Qəbələ mənzərələrindən ilhamlanan əl işi poçt kartları və markalar hazırlayacaqlar.

Rusiyalı rəssam bacılar Mariya və Aleksandra Suvorova isə festival qonaqları ilə birlikdə yaradılacaq “Millətlərin simaları” adlı canlı portret-xalçanı təqdim edəcəklər.

Beynəlxalq proqramla yanaşı, Azərbaycanın incəsənət ustaları keramika boyama studiyası, vitraj, ebru, gil modelləmə və qarışıq texnika üzrə silsilə ustad dərsləri keçirəcəklər.

Özbəkistanın Xalq rəssamı Cavlon Umarbekov həm uşaqlar, həm də böyüklər üçün mənzərə rəssamlığı üzrə ustad dərsləri təqdim edəcək.

Sərginin kuratoru britaniyalı incəsənət tarixçisi, yazıçı, aparıcı və modern, eləcə də müasir incəsənət üzrə ixtisaslaşmış kurator Rut Millinqtondur. Onun sənədli filmləri mütəmadi olaraq BBC-də nümayiş olunur. Rut Millinqton bildirib ki, diqqətəlayiq sənətkarlar tərəfindən yaradılmış rəsm, fotoqrafiya və heykəltaraşlıq əsərlərini Qəbələdə bir araya gətirən ilk beynəlxalq incəsənət sərgisinin kuratoru olmaq onun üçün böyük şərəfdir. Bu əsərlər birlikdə mədəniyyətlərin qovşağında formalaşan müxtəlif hekayələri danışır. O, ziyarətçilərin bu sərgidən ilham alaraq incəsənətin insanları birləşdirən böyük gücü barədə düşünəcəklərinə ümid etdiyini bildirib.

Sərgidə iştirak edən rəssamlar arasında Ayləl Heydərova da yer alır. Onun özünəməxsus yaradıcılığı Azərbaycanın təbiətindən və zəngin mədəni irsindən ilhamlanan atmosferik mənzərələrdə puantilizm və modernist təsirləri birləşdirir. Rəssam, eyni zamanda, ekoloji təmiz materiallardan hazırlanmış rəngarəng kəpənək heykəlləri silsiləsini təqdim edir. Bu əsərlər həm bədii yenilikçiliyi, həm də ətraf mühitin qorunmasına həssas yanaşmanı əks etdirir.

Qeyd edək ki, Rut Millinqton incəsənət tarixçisi, kurator, aparıcı və “MUSE” (“Penguin”), “Bu kitab sizi rəssam edəcək” (“Nosy Crow”) və “İncəsənət elmi” (DK) kitablarının müəllifidir. O, London Art Fair və Oksford İncəsənət Festivalının kuratoru olub, həmçinin BBC Radio 4 və Sky Arts üçün sənədli layihələr hazırlayıb və təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR