Heydər Əliyev Sarayında Özbəkistan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi baş tutub.
APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Adil Kərimli 4 gün davam edəcək mədəniyyət günləri çərçivəsində müxtəlif tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. O deyib ki, bunun üçün Özbəkistandan ölkəmizə 200-dən çox sənətçi gəlib.
"Azərbaycan və Özbəkistan arasında möhkəm və davamlı əlaqələr qardaşlığımızın rəmzidir. Dövlət başçılarımızın müstəsna səyləri nəticəsində bu gün iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri genişlənir, bütün sahələr üzrə əməkdaşlıq inkişaf etdirilir. Dövlətlərimiz arasında həyata keçirilən tərəfdaşlıq sadəcə ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində də davam edir. Biz xalqlarımızın mədəni irsinin qorunub saxlanılması, qlobal miqyasda təbliği istiqamətində də birgə fəaliyyət göstərir və beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik" - deyə nazir qeyd edib.
Daha sonra Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edib. Hər iki xalqın ədəbi və mədəni sahədə bir-birindən bəhrələndiyini diqqətə çatdırıb.
Tədbir konsert proqramı ilə davam edib. Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və digərləri çıxış ediblər.