Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün “Nizami” Kino Mərkəzində “Cırtdan və Təpəgöz” 3D cizgi filminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, film uşaqlar tərəfindən maraqla qarşılanaraq izləniləcək: “Bu film başlanğıcdır. Belə filmlərin davamı olacaq. “Üç dost” şirkətində gənc animatorlar Rəşad Əfəndiyev və Yusif Qabilov tərəfindən ərsəyə gələn cizgi filmi peşəkar işin bariz nümunəsidir”.
Daha sonra “Cırtdan və Təpəgöz” 3D cizgi filmi nümayiş olunub. Cizgi filmində Azərbaycanın nağıl qəhrəmanları Cırtdan və Təpəgözün müasir personajları yaradılıb. Süjet xəttinə gəlincə, filmdə Cırtdan internetdə bir qızla tanış olur. Qız ondan öz rəsmini istəyir. Cırtdan isə yaşının və boyunun balaca olmasını özünə dərd edir. Uzun axtarışlardan sonra o, məşhur Hollivud ulduzları Silvestr Stallone, Jan Klod Vandam və başqa dünya şöhrətli savaş filmlərinin aktyorlarının fotolarını “adobe premiere” proqramı vasitəsilə fotomontaj edib, özünün sifəti ilə əvəzləyir. Amma bu işin uğursuz olduğunu görən Cırtdan kömək üçün Qaquli adlı tutuquşu dostuna müraciət edir. Tutuquşu isə ona internetdə “Google” axtarış sistemi vasitəsilə yardımçı olur.
Qeyd edək ki, 6 dəqiqəlik xronometrajı olan filmdə olaylar olduqca dinamik və maraqlı cərəyan edir. Yüksək səviyyədə təqdim olunan filmin aktyor səsləndirilməsi, musiqi tərtibatı da əsl peşəkarlıqdan xəbər verir.
Xatırladaq ki, adıçəkilən cizgi filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 3D formatında “Üç dost” şirkətində gənc animatorlar Rəşad Əfəndiyev və Yusif Qabilov tərəfindən çəkilib.
Filmin ssenari müəllifi Yusif Şeyxov, musiqisi isə gənc bəstəkar-müğənni Çingiz Mustafayevə aiddir.