Bakı. Ülkər Rəşidqızı-APA. Görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun 200 illik yubileyi ilə bağlı çəkilən, mütəfəkkirin həyat və yaradıcılığının əks olunduğu “Sübhün səfiri” filminin Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyədə premyerası keçiriləcək. Bu barədə APA-ya filmdə Axundovun həyat yoldaşını canlandıran aktrisa Məlahət Abbasova məlumat verib. O bildirib ki, “Sübhün səfiri”nin qeyd olunan məkanlarda nümayişi TÜRKSOY-un təşkilatçılığı ilə baş tutacaq. Film dekabrın 14-də Levkoşa, 17-də Ankara, 19-da isə İstanbulda nümayiş olunacaq.
Filmin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, geyim üzrə rəssam Şahin Həsənli, bəstəkarı Cavanşir Quliyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur.