Akademik Milli Dram Teatrında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Çipollino” tamaşası nümayiş olunacaq.
APA-nın məlumatına görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb.
Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib. Tamaşada C. Rossininin musiqilərindən istifadə edilib.
Qeyd edək ki, səhnə əsərində aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər.