Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, xalq artisti Şövkət Ələkbərovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi təşkil olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ş.Ələkbərovanın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən söz açıb: “Şövkət Ələkbərova həqiqətən də Azərbaycan mədəniyyəti üçün çox önəmli sənətkardır. Keçirilən çoxsaylı tədbirlər də Azərbaycan xalqının Şövkət xanıma olan sonsuz sevgisidir. Bu tədbirlərdə Şövkət Ələkbərovanın xatirəsi anılmaqla yanaşı, ölməz sənətkarın yaradıcılığı bir daha gənc nəslə çatdırılır. Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkar Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Belə bir sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır”.
Vurğulanıb ki, müğənninin ifa etdiyi mahnılar ilk gündən dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunub.
Tədbirdə mərhum sənətkarın lent yazıları səslənib, həmçinin Şövkət Ələkbərovanın mahnıları tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında səslənib.