Bank Of Baku

Bu həftə Bakıda “Start” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək - FOTO

Bu həftə Bakıda “Start” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək  - <span style="color: red;">FOTO
# 26 noyabr 2012 11:14 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Noyabrın 28, 29, 30-da Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Start” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivalın yerli münsiflər heyətində təmsil olunan Elxan Cəfərov, İlhamiyyə Rzanın iştirakı ilə mətbuat konfransı keçirilib. Festivalın rəhbəri Fehruz Şamıyev deyib ki, “Start” Film Festivalı İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşir: “İlbəil əhatə dairəsini genişləndirən festival bu il bir çox yeniliklərlə yadda qalacaq.  Qafqazın ən böyük qısametrajlı film yarışması olan “Start”–a bu il  Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, ümumilikdə 20 ölkədən 250 –dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib”.

 

F.Şamıyev qeyd edib ki, festivalda daha bir yenilik “Yerli” və “Beynəlxalq” yarışma proqramlarının olmasıdır. “Yerli” müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti  - kinorejissor Elxan Cəfərov,  İlqar Safat və jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək. “Beynəlxalq” müsabiqədə isə filmləri 5 nəfərdən ibarət  beynəlxalq jüri heyəti seçəcək: “Yeniliklərimizdən biri də məhz bu jürinin seçilməsidir. Bu, festivalın tarixində bir ilk olacaq. Belə ki, VIII “Start”  Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunduğundan  beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri də ancaq xanımlardan ibarət olacaq. Onlar Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolbergerdir”. Ekran əsərləri  “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film” və “Ən yaxşı film- Qran Pri” uğrunda yarışacaq. O da bildirilib ki, festivalda nominasiya qaliblərinə pul mükafatı verilməyəcək, mükafat yalnız xüsusi statüetkadan ibarət olacaq.

 

Festivalın açılışı noyabrın 28-də “Nizami” Kino Mərkəzində keçiriləcək. Filmlər  28, 29, 30 noyabr  tarixlərində saat 11: 00 - dan başlayaraq  Nizami Kino Mərkəzində nümayiş olacaq. Giriş sərbəst və pulsuzdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR