Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasında ustad dərslərinə başlanılıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərsləri studiyanın pedaqoqları ilə yanaşı peşəkar rejissor, xoreoqraf, vokalçı, aktyor və səhnə ustaları aparır.
Ustad dərslərində uşaqlara səhnə sərbəstliyi, tamaşaçı ilə ünsiyyət, obrazdan çıxış, rejissorla işləmə bacarığı, dramaturji materialı mənimsəmə və ifadə vərdişləri, eləcə də səs və oyun texnikası, plastika, nitq mədəniyyəti kimi keyfiyyətlər öyrədilir.
Dərsləri studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva və aktrisa Cəmilə Allahverdiyeva ilə yanaşı əməkdar artist Firuzə İbadova, Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov, YUĞ Teatrının rejissoru Günay Səttar, Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva, nitq üzrə pedaqoq Leyla Zeynalova və peşəkar xoreoqraflar aparır.