Bakı. Ülkər Rəşidqızı – APA. Əli Əmirlinin “Varlı qadın” komediyası bu dəfə Ukraynanın Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində yerləşən 110 yaşlı Krım-Tatar Akademik Musiqili Dram Teatrında tamaşaya qoyulub. Ə.Əmirlinin APA-ya verdiyi məlumata görə, noyabrın 5-də və 6-da premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Ukraynanın əməkdar artisti Rinat Bektaşevdir. Komediyanın növbəti premyerası noyabrın 20-də olacaq. Bu, Krım teatrının Azərbaycan dramaturgiyasına üçüncü müraciətidir. Bundan əvvəl teatr Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını və Elçinin “Şekspir” əsərini “Xəstə könül” adı ilə tamaşaya qoyub.
Onu da qeyd edək ki, Əli Əmirlinin “Varlı qadın”ı ölkəmizin əksər teatrlarında, o cümlədən Akademik Milli Dram Teatrında, habelə Tacikistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanın bir sıra teatrlarında tamaşaya qoyulub.