Dmitri Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasında “Musiqi Olimpi” XXII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib.
APA-nın məlumatına görə, konsertdə Azərbaycanın əməkdar artisti, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Akademik Filarmonik orkestri iştirak edib.
Anşlaqla keçən konsertin sonunda dirijor Əyyub Quliyev çıxış edərək, 2017-ci il fevralında dünyasını dəyişmiş professor Anatoliy Nikitinlə bağlı xatirələrini dinləyicilərlə bölüşüb və Azərbaycan musiqiçilərinin Rusiyada uğurlu konsert fəaliyyəti ilə bağlı məlumat verib.
Konsertdə iştirak edən diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və ictimaiyyət xadimləri - Rusiyanın “Mədəniyyət” kanalının baş direktoru Sergey Şumakov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, “Musiqi Olimpi” Fondunun prezidenti İrina Nikitina tədbirdən sonra bütün iştirakçıları təbrik edərək, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafında belə musiqi layihələrinin əhəmiyyətini xüsusi olaraq vacib olduğunu bildiriblər.
“Musiqi Olimpi” festivalı bu il mayın 28-dən iyunun 4-dək Sankt-Peterburqun ən tanınmış konsert səhnələrində - Mariinski teatr, Akademik Dövlət Filarmoniyası və Dövlət Kapellasının səhnəsində həmin yaradıcı birliklərinin simfonik orkestrlərinin iştirakı ilə keçirilib. İspaniya, İngiltərə, Almaniya, İsveçrə, Rusiya, Azərbaycan, Tayvan, Koreya, Çin, Yaponiya, Yunanıstan, Fransa və Türkiyənin gənc musiqiçiləri - beynəlxalq müsabiqələrin qalibləri dinləyicilər qarşısında çıxış ediblər.