İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 70 yaşının tamam olması münasibətilə yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Firəngiz Əlizadənin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışılacaq, onun yaradıcılığına geniş nəzər salınacaq.
Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayıb, opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir.
Onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçel və orkestr üçün konsert və s. əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.