Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlıq işlərinə başlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi əməkdar artist Nicat Kazımovdur.
Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə olan yeni səhnə əsərində tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Yeni tamaşada obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazımov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov və başqaları ifa edəcəklər.
Yeni səhnə əsərinin premyerasının 89-cu teatr mövsümünün əvvəllərində keçirilməsi nəzərdə tutulur.