Bank Of Baku

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
# 08 aprel 2016 08:29 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı  “Dərinliklər” sənət qalereyasında azərbaycanlı  rəssam Əbülfəz Fərəcoğlunun “İstanbulun palitra arxası” adlı  fərdi rəsm sərgisi açılıb.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, sərgidə rəssamın müxtəlif dövrdə yaratdığı və İstanbulu özünəməxsuz baxış nöqtələrindən təsvir edən 50-yə yaxın yağlıboya tablosu nümayiş etdirilir.

 

Türkiyənin sənət ictimaiyyətinin və medianın yaxından maraq göstərdiyi sərginin açılışında APA-ya açıqlama verən “Dərinliklər” sənət qalereyasının sahibi Mahmud Müftüoğlu deyib ki, qalereyada sərgisini açmağı düşündükləri rəssamların yaradıcılığını bir neçə il izləyirlər: "Çünki bizim üçün öz üslubunu yaratmış rəssamlar ön planda olur. Azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlu həm qalereyamızın, həm də müştərilərimizin sənətə olan tələblərinə tam cavab verdiyi üçün biz onun fərdi sərgisini açdıq. Sərginin açılış mərasiminə sənətsevərlərimizin göstərdiyi maraq bizi çox məmnun etdi. Aprelin 30-a qədər davam edəcək sərgini Türkiyədəki sənətsevərlərin və rəsm kolleksiyaçılarının önəmli qisminin görəcəyinə inanıram”.

 

Qeyd edək ki, 1956-cı ildə Naxçıvanda anadan olan rəssam Əbülfəz Fərəcoğlu Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. Fiqurativ janrın önəmli ustalarından olan Əbülfəz Fərəcoğlu 1997-ci ildən bəri yaradıcılıq işlərinə İstanbulda davam edir. İstanbulun Yaşılyurt bölgəsində özünün “Ekim” adlı sənət emalatxanasını yaradan Fərəcoğlu həftənin çərşənbə günlərində Mətbuat muzeyinin sənət qalereyasında da  rəsm dərsləri verir. Əbülfəz Fərəcoğlunun indiyə qədər Türkiyə və Avropada 30-dan çox fərdi sərgisi açılıb, rəssam 100-dən çox qrup sərgisində iştirak edib. Onun əsərləri Türkiyə, Rusiya, Yaponiya, AB ölkələrinin muzey, qalereya və kolleksiyaları tərəfindən satın alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR