Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rəssamın indiyədək “Yer üzü və xətt” (Berstou qalereyası, Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.
Edvard Tvoxiq 1969-ci ildə İrlandiyada anadan olub. O, Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Daha sonra isə Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşıb.
Hazırda rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Edvard Tvoxiq Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, Banksayd Qalereyasının hamisidir.