Bank Of Baku

Serbiyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adına təqaüd təsis edilib - FOTO

Serbiyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adına təqaüd təsis edilib - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 13:56 (UTC +04:00)

Bakı-APA. Serbiyanın Novi Sad İncəsənət Akademiyasında təsis edilən “Üzeyir Hacıbəyli təqaüdü”nün təntənəli təqdim olunma mərasimi keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və səfirliyin əməkdaşları, Novi Sad şəhəri Meriyasının nümayəndələri, Voyevodina muxtar diyarının hökumət və dövlət rəsmiləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, millət vəkilləri, Serbiya ictimaiyyətinin nümayəndələri, tanınmış musiqiçilər, mədəniyyət xadimləri və bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

 

Tədbirdə çıxış edən səfir E.Həsənov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, ölkələr arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin müstəsna rolunu vurğulayıb. Novi Sad İncəsənət Akademiyasında “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsinin iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

 

 O, “Azərbaycan dövlətinin milli himninin müəllifi olan Üzeyir Hacıbəylinin öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən olduğunu, milli bəstəkarlıq məktəbinin özülünü qoyduğunu, Azərbaycan musiqisi tarixində və eyni zamanda müsəlman Şərqində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanındığını, eyni zamanda dünya mədəniyyət tarixinə Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi daxil olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonra Novi Sad İncəsənət Akademiyasının prorektoru Pavle Sekeruş çıxış edərək, Azərbaycan dövləti və Heydər Əliyev Fondunun Serbiyada həyata keçirdiyi humanitar layihələrdən bəhs edib.

 

Mərasimdə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin iştirakı ilə Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa edib.

 

Tədbir iştirakçıları sonra Novi Sad şəhərində Dunay çayı üzərindəki “Sahilyanı park”da yaradılmış “Üzeyir Hacıbəyli Memorialı”nı ziyarət edərək, dahi bəstəkarın  büstü qarşısına əklil və gül-çiçək dəstələri qoyublar.

 

Qeyd edək ki, əhalisinə və ərazisinə görə Serbiyanın ikinci böyük şəhəri, Serbiya mədəniyyəti və klassik musiqisinin beşiyi hesab olunan Novi Sad şəhərinin İncəsənət Akademiyasının Elmi Şurası 25 oktyabr 2012-ci il tarixində Akademiyada “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, Akademiyada “Üzeyir Hacıbəyli təqaüdü” təsis edilib və təqaüd hər tədris ilində bu ali təhsil ocağının Elmi Şurasının qərarı ilə Akademiyanın “Musiqi incəsənəti” fakültəsinin ən yüksək təhsil səviyyəsi, dünyagörüşü, davamiyyəti və davranışı ilə fərqlənən üç tələbəsinə veriləcək.

 

Novi Sad İncəsənət Akademiyası 1974-cü ildə yaradılıb və Akademiyada “Dram sənəti”, “Təsviri sənət” və “Musiqi incəsənəti” fakültələri fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR