Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq yay məktəbi layihəsinə start verilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq yay məktəbi layihəsinə start verilib
# 21 iyul 2015 11:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” beynəlxalq yay məktəbi layihəsinə start verilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatılacağı yay məktəbi avqustun 1-dək fəaliyyət göstərəcək.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən yay məktəbinə 8 xarici və 7 yerli universitetlərin tələbələri ilə yanaşı, azərbaycanlı və avropalı tanınmış elm adamları qatılacaq. Proqrama paytaxtla ikigünlük tanışlıq, dövlət müşaviri, akademik Kamal Abdulayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və Bakı Slavyan Universiteti rəhbərliyi ilə görüşlər daxildir.

Avqustun 30-dək tələbələr Quba, Qusar və Xaçmaza səfərlər edəcək, həmin rayonlarda müxtəlif tədbirlərə qatılacaqlar. Yay məktəbinin mühazirəçiləri arasında Almaniya, İsrail, Rusiya və Azərbaycandan olan mütəxəssislər var.

Yay məktəbinin təşkil olunmasında məqsəd ilk dəfə Azərbaycan multikulturalizmindən dərs keçən xarici tələbələrə nəzəri olaraq öyrəndiklərini praktik formada yaşatmaqdır.

Yay məktəbi boyu Azərbaycanın multikultural durumu ilə daha yaxından tanış olmaları üçün tələbələrə Azərbaycan dili, mədəniyyəti, incəsənəti, tarixi və ölkəmizdə tarixən formalaşmış tolerant ənənələr və onların kökləri, bu günkü tarixi reallıqlar barədə geniş məlumatlar veriləcək, müxtəlif xalqların dini ocaqlarına ekskursiyalar təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR