Maykl Mann: “İrana qarşı sanksiyaların ləğvi üçün Avropa Birliyinin Nazirlər Şurasının sammiti keçiriləcək”

Maykl Mann: “İrana qarşı sanksiyaların ləğvi üçün Avropa Birliyinin Nazirlər Şurasının sammiti keçiriləcək”
# 02 dekabr 2013 07:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Bir il ərzində İranla yekun sazişin imzalanmasına nail olmaq üçün bu ölkə ilə görüşlər keçirməyə səy göstərəcəyik”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında nüvə məsələsində bütün tərəflərin iştirakı ilə razılaşmanın imzalanmasından çox məmnundurlar: “Bu müzakirələri məğlubiyyəti nəzərə alaraq qələbə qazanmaq üçün başlatmışdıq. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında aparılan danışıqlar maneələrin aradan qaldırılmasına səbəb oldu. Çünki K.Eşton çox ciddi idi və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə qarşılıqlı etimad mühitini meydana gətirməyi bacardı. Nəticədə bu məsələ də danışıqların gözəl nəticələrinə müsbət təsir göstərdi. İndi biz müzakirələri davam etdirməliyik”.

M.Mann deyib ki, Cenevrə anlaşmasının ilkin addımları kimi Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sərt sanksiyaların aradan qaldırılması məsələsində razılıq əldə olunub: “Biz İranın müxtəlif sahələrinə, xüsusilə neft-kimya, dağ-mədən, qiymətli daşlar sektoruna tətbiq edilmiş sanksiyaları aradan qaldırmağa və Cenevrə razılaşmasından irəli gələn digər şeyləri yerinə yetirməyə hazırıq. Eyni zamanda Avropa Birliyi də bu razılaşmanın icrasını təmin etmək üçün müvafiq qanun hazırlanır. Bu məsələnin icrası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olacaq. Necə ki, agentliyin müfəttişlərinin dekabrın 8-9-da Ərak ağır su nüvə reaktoruna baxış keçirməsi planlaşdırılır. İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğvi üçün Avropa Birliyinin Nazirlər Şurasının sammiti keçiriləcək. Ancaq bu toplantının nə vaxt baş tutacağını deyə bilmərəm. Mən ABŞ-ın da eyni addımları atacağına inanıram”.

Sözçü vurğulayıb ki, növbəti altı ay ərzində İranla “altılıq” ölkələri arasında bir neçə görüş keçiriləcək: “Biz İran tərəfi ilə gələn həftə ərzində növbəti müzakirələrin vaxtını müəyyənləşdirmək üçün əlaqə quracağıq. Həmin müddətdə İranla yekun sazişin imzalanmasına nail olmaq üçün danışıqlar aparacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR