Taner Yıldız: “İrana qarşı sanksiyaların ləğvi Türkiyənin neft ticarətinə dopinq təsiri göstərəcək”

Taner Yıldız: “İrana qarşı sanksiyaların ləğvi Türkiyənin neft ticarətinə dopinq təsiri göstərəcək”
# 26 noyabr 2013 12:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Türkiyə dünyanın üç ən böyük təbii qaz ehtiyatından birinə sahib olan İrana biganə qalmayacaq”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında Cenevrədə əldə olunmuş razılaşmanı diplomatik tərəfdən qiymətləndirmək lazımdır: “Biz Türkiyə olaraq əvvəlcədən İranın nüvə məsələsinin diplomatiya yolu həll olunmasını təklif etmişdik. Nüvə razılaşmasından sonra neft qiymətləri ilə bağlı yaranmış məsələdə ehtiyatlı olmağımız lazımdır. Çünki dünən qiymətlər 111 dollara qalxdı, sonra 108 dollara endi. Nüvə razılaşmasında İranla əldə olunmuş məsələlər əlaqələrin inkişaf etdirilməsi üçün müsbət yol açır. Sanksiyaların qismən aradan qaldırılmasının müsbət təsir göstərəcəyi qənaətindəyəm. İran Rusiyadan sonra ən böyük tədarükçümüzdür. İran başqası üçün sıravi bir ölkə ola bilər, amma bizim üçün hər hansı bir ölkə deyil. Neft, təbii qaz və mədən sektoru ilə bağlı sərmayələrimizdə İranla əlaqədar ciddi bir potensial var. Bunun qiymətlərə təsiri mövzusunda səbirli, zaman məsələsində isə ehtiyatlı olmaq lazımdır. Çünki 3-4 ildir qiymətlərlə bağlı hər şey mənfi yöndə olub. Ona görə də indi ən kiçik müsbət hərəkət ölkələri böyük ölçüdə gözləmə mövqeyində qalmağa sövq edir”.

T.Yıldız deyib ki, nüvə razılaşması iki ölkənin neft ticarətinə müsbət təsir göstərəcək: “Bildiyiniz kimi, Türkiyə İrandan gündəlik 100-110 min barel neft alır. Bu miqdarı daha çox azalda bilməyəcəyimizi sanksiyalar əsnasında ifadə etmişdik. Biz 5 ayrı ölkədən təbii qaz, 12 ayrı ölkədən neft alırıq. İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması Türkiyənin neft ticarətinə dopinq təsiri göstərəcək. Yəni sanksiyalar ləğv edildikdən sonra İrandan aldığımız nefti 130-140 min barelə çatdıra bilərik. Biz əvvəlcə öz mənafeyimizi düşünürük və ona görə hərəkət edirik. Təbii qazla bağlı isə fərqli layihələrimiz var”.

Nazir İranın təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xəttinin inşası ilə bağlı layihəyə münasibət bildirib: “Bu cür layihələr Türkiyənin strateji əhəmiyyətini artıran və Avropanın qaz tədarükü ilə bağlı mühüm layihədir. Bunun arxasınca biz deyil, Avropa Birliyinə üzvü ölkələr düşməlidir. Çünki bizim tədarüklə bağlı çətinliyimiz yoxdur. Türkiyə istər “Cənubi axın”, istər TANAP, istərsə də İranın təbii qazı olsun, quru hissəsindən keçəcək layihələrə icazə verib. Türkiyənin enerji sektoru Avropa Birliyi ilə müzakirə prosesində masa üzərində həmişə öndədir. Biz doğru olanı görməyə çalışırıq. Prioritetimiz ölkəmizin mənfəətləridir. Avropa Birliyi ilə layihə inkişaf etdirməyə davam edəcəyik. Dünyanın ən böyük üç təbii qaz ehtiyatından birinə sahib olan İrana laqeyd qala bilmərik. İrana qarşı tətbiq edilmiş sanksiyaların həmişə müvəqqəti olduğuna inandıq. Yaxşı ki, belə də etmişik. 19-20 vilayətdən keçəcək bir xətt 2 milyon tona yaxın boru istehsalını təmin edəcək. Növbəti həftələrdə boru istehsalçıları ilə də bir araya gələcəyik. Bu mövzu sənaye və məşğulluq üçün də çox əhəmiyyətlidir. 5 ölkə bunu istəyirsə, biz bunu niyə çatdırmayaq?”

Qeyd edək ki, Türkiyə neftə olan tələbatının 25-30%-ni İran nefti vasitəsilə ödəyir. İran təbii qazının Türkiyə üzərindən Almaniyaya qədər daşınmasına imkan verəcək razılaşma isə 17 noyabr 2008-ci ildə imzalanıb və ildə 35 milyard kubmetr “mavi yanacaq” daşınması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR