Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirilib

Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirilib
# 29 aprel 2014 09:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq abidənin tarixi əhəmiyyətindən danışıb: "Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ildə respublikanın qərb bölgələrinə səfəri zamanı Göytəpə neolit dövrü abidəsinin ilkin tədqiqat nəticələri ilə tanış olub, onun əsaslı öyrənilməsi məqsədilə “AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması haqqında” sərəncam imzalayıb. Arxeologiya və Etnoqrafiya İnstitutu ölkənin bir sıra yerlərində genişmiqyaslı arxeoloji qazıntılarla məşğuldur. Bu işlərdə xarici ölkə alimləri də yaxından iştirak edirlər. Bununla yanaşı, Azərbaycan arxeoloqları da xarici ölkələrdə arxeoloji tədqiqat işlərində iştirak edirlər. Son illər bır sıra işlər ortaya çıxarılıb. Onlardan biri də Tovuz rayonunda yerləşən yeraltı Göytəpə abidəsidir. Bu abidə öz unikallığı və orijinallığı ilə fərqlənir. Bu abidə özünə yeni yanaşma tələb edir. Bakı-Gəncə-Tiflis yolunda yerləşdiyi üçün turizm imkanlarına malik olan bu abidə ilə bağlı AMEA-da bir sıra işlər görülüb. May ayının sonu-iyun ayının əvvəlində AMEA prezidenti mütəxəssislərlə bir yerdə yerindəcə abidə ilə tanış olacaq. Türkiyəli mütəxəssislərə abidənin ətrafında infrastruktur qurulması ilə bağlı sifariş verilib".

Sonra Göytəpə Arxeoloji Parkının ekspedisiya qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Türkiyədən dəvət olunmuş İstanbul Universitetinin professoru Mehmet Özdoğan və İstanbul Texniki Universitetinin Memarlıq fakültəsinin dosenti Zeynəb Eres çıxış ediblər.

Onlar bildiriblər ki, Tovuzda yerləşən Göytəpə neolit dövrü yaşayış məskəni Azərbaycanın və regionun tarixində, həmçinin erkən sivilizasiyaların araşdırılması istiqamətində böyük əhəmiyyətə malikdir.

Görüşdə arxeoloji parkın yaradılmasının zərurətindən, layihənin Azərbaycanda turizmin inkişafındakı rolundan da danışılıb.

Təqdimatda maddi mədəniyyət nümunələrini əks etdirən muzey-sərgi zalı, yeni yaradılacaq Neolit kəndi və turistlərin ziyarəti üçün nəzərdə tutulmuş tikililərin ilkin formaları nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR