Kamal Kılıçdaroğlu İstanbulda əcnəbi mətbuat nümayəndələri ilə görüş keçirib

Kamal Kılıçdaroğlu İstanbulda əcnəbi mətbuat nümayəndələri ilə görüş keçirib
# 03 may 2014 10:46 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 3 May - Dünya Media Azadlığı günü münasibətilə İstanbulda əcnəbi mətbuat nümayəndələri ilə görüş keçirib.

Görüşdə APA-nın Türkiyə müxbiri də iştirak edib.

K. Kılıçdaroğlu bildirib ki, Türkiyədə media üzərində təzyiq son illərdə çox gücləndiyi kimi, hökumətin siyasətinə xidmət edən polis, prokuror və hakimlər də bu təzyiqin ən önəmli alətlərinə çevriliblər: “AKP öz məqsədlərinə uyğun bir sistem qurub, ona uyğun prokurorları, hakimləri, mediası var və biz bu sistemlə mübarizə aparırıq. Bu mübarizənin çox çətin olduğunu bilsək də, qəti şəkildə əminəm ki, sonda biz qalib gələcəyik”.

Son illər Türkiyənin təhsil və mədəniyyət siyasətində dini simvolların üstünlük təşkil etməsinə, dünyəvi mədəniyyətin getdikcə sıxışdırılmasına münasibət bildirən CHP lideri mədəniyyətin bir xalqın varlığının ən önəmli tərkib hissəsi olduğunu bildirib, mədəniyyətini inkişaf etdirməyən istənilən xalqın dünyadan geri qalacağını vurğulayıb.

“CHP-də olan bələdiyyələr mədəniyyət sahəsində çox önəmli işlər görür. İstanbulda rahat nəfəs almaq, mədəniyyət tədbirlərində iştirak etmək, teatra baxmaq istəyən insanlar Beşiktaşa, Bakırköyə, Avcılara, Kadıköyə, Kartala, Maltəpəyə gedir. Partiyamızın elm və mədəniyyət üzrə sədr müavini var. Biz daim Türkiyənin aydınları, yazarları, aktyorları, rəssam və heykəltəraşları ilə sıx əlaqədəyik. Əlaqəmizi getdikcə gücləndirmək üçün lazım olan nə varsa, edəcəyik. Dünyəvi sistemin yaşaması və inkişaf etdirilməsinin əsas şərti və cəmiyyətin aydınlanmasının başlıca vasitəsi mədəniyyətdir”, - deyə K. Kılıçdaroğlu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR