Sərdar Cəlaloğlu: “Müsavat Partiyası mitinq təyin etməklə müxalifətə öz aktivliyini göstərmək istəyirdi”

Sərdar Cəlaloğlu: “Müsavat Partiyası mitinq təyin etməklə müxalifətə öz aktivliyini göstərmək istəyirdi”
# 01 may 2014 15:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AXCP və Müsavat Partiyası arasındakı konfliktlər onların bir araya gəlməsinə imkan verməyəcək”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri Müsavat Partiyasının “Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə təyin etdiyi mitinqi sonradan təxirə salmasına münasibət bildirib. Onun fikrincə, Müsavat mitinq təyin etməklə müxalifətə öz aktivliyini təqdim etmək istəyirdi: “Ancaq mövcud vəziyyəti, mitinq tələbini nəzərə almamaq, bu qərarın icrasında problemlər yaradır. Beləliklə, Müsavat Partiyası mitinq qərarı verməklə divident qazanmaq istəyir, digər tərəfdən də qərarın dəyişdirilməsi ümumiyyətlə, mitinqləri ucuz və gülünc mübarizə formasına gətirib çıxarır. Bu baxımdan mitinq qərarı verib, sonra bunu təxirə salmaq yolverilməzdir”.

S. Cəlaloğlu Müsavat başqanı İsa Qəmbərin yaxın vaxtlarda AXCP ilə müttəfiqliyin qeyri-mümkün olması barədə bəyanatını da şərh edib. S. Cəlaloğlu Müsavat və AXCP-nin əvvəlki birliklərinin də səmimi olmadığını vurğulayıb: “Onlar düşdükləri vəziyyətin şərtləri altında məcburi ittifaqa girmişdilər. Bu mənada İsa Qəmbər tamamilə haqlıdır ki, AXCP və Müsavatın bir yerdə olması mümkün deyil. Sadəcə olaraq, elə şərait yarana bilər ki, bu iki təşkilat yenə də formal olaraq birlik yarada bilərlər. Ancaq bu birlik xalqa da, həmin partiyaların özlərinə də heç bir xeyir verməyəcək. Çünki bu iki partiyada elə konfliktlər var ki, bu konfliktlər onların bir araya gəlməsinə imkan verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR