İran nümayəndə heyəti “Hizbullah” təşkilatının baş katibi ilə görüşüb

İran nümayəndə heyəti “Hizbullah” təşkilatının baş katibi ilə görüşüb
# 04 sentyabr 2013 09:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranlı deputatlardan ibarət nümayəndə heyəti Livanda səfərdədir.

APA-nın İRİB-ə istinadən məlumatına görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdinin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində “Hizbullah” təşkilatının baş katibi Seyid Həsən Nəsrullahla görüşüb. Görüşdə Suriya və Livandakı proseslər başda olmaqla bölgənin vəziyyəti əsas müzakirə mövzusu olub.

Ə.Burucerdi Suriya prezidenti ilə görüşündən və ordunun, xalqın, ölkə rəhbərliyinin ruh yüksəkliyindən, ölkəni qorumaq üçün yetərli gücə sahib olmasından söz açıb: “ABŞ hər məntiqsiz addımından öncə dünya ölkələrinin verdiyi mesajları almalı və xilası üçün fürsətləri dəyərləndirməlidir”. İranlı parlamentar həmçinin ölkəsinin Livana dəstəyinin davam edəcəyini və bu ölkədə yeni kabinetin təşkil olunması ilə əlaqələrin daha da güclənəcəyini bildirib.

H.Nəsrullah isə öz növbəsində ABŞ-ın bölgədəki avantürist siyasətlərinin arxasında sionist lobbisinin fitnəkar planlarının olduğunu bildirib: “Dünya xalqları ABŞ-ın bölgədəki siyasətlərinin məntiqsiz olduğunu yaxşı bilir. Dünyadakı əksər media şəbəkələrinin sionistlərə məxsus olmasına və onların Suriya məsələlərini tam yalnış göstərmələrinə baxmayaraq, ABŞ-ın bu hücumda tək qalması onların bu addımla bağlı bəhanələrinin qəbuledilməz olduğunu göstərir”.

Bundan əlavə, İran nümayəndə heyəti səfər çərçivəsində Livanın baş naziri Nəcib Mikati ilə də görüşüb. Ə.Burucerdi ABŞ-ın Suriyaya ehtimal olunan hərbi müdaxiləsindən narahat olduğunu bildirərək, amerikalı aqil insanları bu addımın qarşısını almağa çağırıb. Onun sözlərinə görə, Suriyaya hərbi müdaxilə bütün bölgə gərgin vəziyyətə sala bilər. Ə.Burucerdi həmçinin Ərəb Birliyi xarici işlər nazirləri və Səudiyyə Ərəbistanının xarici qüvvələri Suriyaya hərbi müdaxiləyə dəvət etməsilə bağlı mövqelərini dəyişdirəcəyinə ümidvardır. Eyni zamanda iranlı parlamentari İranla ABŞ arasında yaşanan problemin etimadsızlıqdan qaynaqlandığını, bu vəziyyətdən amerikalıların məsuliyyət daşıdığını, ABŞ-ın İrana qarşı düşmənçilik mövqeyini dəyişdirməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, İran nümayəndə heyəti həmçinin səfər çərçivəsində Livan prezidenti Mişel Süleymanla da görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR