İranda daha bir azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda daha bir azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb
# 10 aprel 2014 10:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda daha bir azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Əkbər Mühaciri ailəsinin qoyduğu 30 milyon tümən girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal aprelin 1-də Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda “Tiraktor” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “əl-Eyn” klubu arasında keçirilmiş qarşılaşmada 24 nəfərlə birlikdə saxlanılıb. Ə.Mühacirinin və digər azərbaycanlı fəalların saxlanılarkən mülkü geyimli şəxslər tərəfindən döyüldüyü və təhqir edildiyi bildirilir. Azarkeşlərdən 10 nəfəri həmin gün, digər 15 nəfəri isə iki gün saxlanıldıqdan sonra aprelin 3-də ailələrinin qoyduğu mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Aprelin 5-də isə Ə.Mühaciri, Mehdi Səmədiyan, Nikbəxt Səmədiyan, Məsud Baleqi və qardaşı Behzad Baleqi “iğtişaş törətmək” və “ictimai asayişi pozmaq” ittihamları ilə Təbriz Mərkəzi Həbsxanasına salınıblar. Təbriz İnqilab Məhkəməsinin 7-ci şöbəsi azərbaycanlı fəallar barəsində 10 günlük həbs-qətimkan tədbiri seçib və azadlığa buraxılmaları üçün 30 milyon tümən mülk girovu təyin edib.

Xatırladaq ki, aprelin 1-də Asiya Çempionlar Liqasında 55 min azarkeşin izlədiyi “Tiraktor” - “əl-Eyn” görüşü 2:2 hesabı ilə nəticələnib. Azərbaycanlı azarkeşlər milli şüarlar səsləndirdikləri üçün stadiondakı təhlükəsizlik qüvvələrinin kobud rəftarı ilə qarşılaşıblar. Azarkeşlər Urmiya gölünün quruması ilə əlaqədar ingilis dilində yazılı plakatlar qaldırıb, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Türklərin iftixarı, “Traktor”, “Traktor””, “Yaşasın Azərbaycan”, ““Traktor”u el istər, şərəfli millət istər” və digər şüarlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR