Ukrayna milli televiziyası Heydər Əliyev haqqında sənədli film çəkib - FOTOSESSİYA

Ukrayna milli televiziyası Heydər Əliyev haqqında sənədli film çəkib - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyun 2013 14:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Milli Televiziyası tərəfindən çəkilən “Heydər Əliyev. Liderlik dərsi” sənədli filmi ictimaiyyətə təqdim olunub.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (SAMU) APA-ya verilən məlumata görə, filmin yaradıcı heyəti, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları və ARDNŞ-ın Ukrayna nümayəndəliyi, SAMU, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə gül çələngi qoymaqla yad ediblər.

Sonra Ukraynanın tanınmış ictimai-siyasi xadimlərinin, Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) və SAMU nümayəndələrinin iştirakı ilə Kiyevdəki Azərbaycan Gənclər Mərkəzində sənədli filmə baxış keçirilib. Ukrayna milli televiziyasının aparıcı jurnalisti Sergey Sivolap və yazıçı-publisist, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadənin ssenarisi əsasında çəkilmiş filmdə Heydər Əliyevin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı tarixi rolu, o cümlədən Azərbaycanla Ukraynanın dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasındakı xidmətləri, Ukraynanın görkəmli ictimai-siyasi xadimlərinin xatirələri yer alıb.

Filmin rejissoru Georgi Spasokukotski, prodüseri Anar Tahirovdur. Filimdə Ukraynanın birinci prezidenti Leonid Kravçuk, ikinci prezidenti Leonid Kuçma, Ukraynanın baş naziri Nikolay Azarov, baş nazirin müavini Konstantin Qrişşenko, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və dost ölkənin bir sıra tanınmış ictimai-siyasi xadimləri Heydər Əliyevi XX və XXI əsrin siyasi liderlik dərsinin kamil müəllimi kimi xarakterizə ediblər. Onun siyasi ideologiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi dəyərləndiriblər.

Filmdə Heydər Əliyevin Çernobıl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq Ukrayna xalqına göstərdiyi köməkliyi fəxarət hissi ilə xatırlayan Ukrayna baş nazirinin keçmiş müavini Konstantin Masik isə o zaman faciə bölgəsindən 800 min qadının və uşağın təhlükəsiz zonaya köçürülməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi Ukrayna xaldının xilaskarlarından biri adlandırıb. Film başa çatdıqdan sonra Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Daşdəmir Məmmədov, Ukraynanın tanınmış ictimai-siyasi xadimi Anatoli Raxanski, SAMU sədri Anar Tahirov, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev, Konqresin Ali Məclisinin sədri Akif Gülməmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, tanınmış telejurnalist Rəna Nazarova çıxış edərək, yüksək peşəkarlıqla hazırlanan filmin yaradıcı heyətinə uğurlar arzulayıblar. Sonra filmi yüksək peşəkarlıqla hazırladıqlarına görə ssenari müəllifləri Əlibala Məhərrəmzadəyə, Sergey Sivalapa və filmin redaktoru Möhsüm Qədiroğluna “Kiyevski Forum” Beynəlxalq İctimai Birliyinin fəxri diplomları təqdim olunub.

“Heydər Əliyev. Liderlik dərsi” sənədli filmi Ukrayna milli televiziyası vasitəsilə Ukrayna ictimaiyyətinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR