Bakı Ali Neft Məktəbində alman mühəndislərə sertifikatlar təqdim edilib

Bakı Ali Neft Məktəbində alman mühəndislərə sertifikatlar təqdim edilib
# 17 mart 2014 11:18 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbinin (BANM) təklif etdiyi layihə “Şərqə Doğru” Proqramı çərçivəsində Alman Akademik Mübadilə Xidməti tərəfindən maliyyələşdirilmək üçün seçilib.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramının dəstəyi ilə BANM tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 12 bakalavr, magistr və doktorant tələbələrlə yanaşı, 4 azərbaycanlı tələbə də iştirak edib.

Bakı Qış Neft Məktəbi martın 3-15-də BANM-də keçirilib. Layihə çərçivəsində tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər və Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçiblər. Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə bərabər Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəki və Quba regionuna səyahət edib, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası, Xalq Tətbiqi Sənəti Muzeyi və Atəşgah məbədi ilə tanış olublar. Həmçinin layihənin ilk günlərində mart soyqırımı qurbanlarını yad etmək üçün “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

Tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün proqram çərçivəsində Səngəçal neft terminalı, palçıq vulkanları, SOCAR Eko parkı və Qobustan təlim və tədris mərkəzi kimi əhəmiyyətli yerlərlə tanış olublar.

Martın 14-də BANM-də keçirilən tədbirdə proqramı uğurla tamamlamış iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılıblar. Tədbirin qonaqları Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin köməkçisi Vofqanq Mössinger, DAAD Məlumat Mərkəzinin direktoru Nikola Uliş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR