“Audiovizual sənədlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirilir

“Audiovizual sənədlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirilir
# 04 iyun 2014 09:30 (UTC +04:00)

Azərbaycanda 28 dövlət teatrından yalnız 10-nun saytı var

Bakı. Gülnar Bəşirova - APA. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Audiovizual sənədlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirilir.

APA-nın məlumatına görə, ilk olaraq çıxış edən İnstitutun direktoru Ərtegin Salamzadə bildirib ki, bu gün ölkəmizdə yaranmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi ölkə prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.

Daha sonra “Audiovizual sənədlərin müasir informasiya cəmiyyətində rolu – problemə sosioloji baxış” adlı məruzə ilə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov deyib ki, audiovizual sahədəki problemləri Azərbaycanda internetin yüksək inkişafı ilə əlaqələndirirlər: "Çalışmaq lazımdır ki, həmin mənfi təsiri müsbət istiqamətə yönəldək. Bu gün Azərbaycanda saytı olmayan təşkilat ciddiyə alınmır. Yəni bu gün hər hansı cəmiyyət üzvünün İKT-dən kənarda qalması ona passiv yanaşması qəbuledilməzdir. O mütləq prosesə daxil olmalı və iştirakçıya çevrilməlidir".

V. Qafarov onu da bildirib ki, bu gün inkişafına doğru getdiyimiz informasiya cəmiyyəti milli teatrımızın dünya teatr prosesinə inteqrasiyası üçün də geniş imkanlar açır, lakin teatrlarımız hələ də bundan kifayət qədər yararlana bilmir: "Azərbaycanda 28 dövlət teatrından yalnız 10-nun saytının olması hələ də bu sahədə görüləcək işlərin mövcud olduğundan xəbər verirdi ki, bunu həm də ciddi sosioloji problem kimi qavramaq lazımdır. Bu gün saytsız teatr virtual ünsiyyət qurmaq, tamaşalarını reklam etmək imkanından məhrum olur".

Konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində, bütövlükdə, inkişafına doğru getdiyimiz informasiya cəmiyyətində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, yüksək kommunikasiya texnologiyalarının cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə olunub. Konfransın proqramında “İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri”, “Postmodernizm informasiya cəmiyyətinin incəsənəti kimi”, “İnformasiya müharibəsi şəraitində audiovizual mədəniyyət və yeni təfəkkür”, “Azərbaycan ədəbiyyatında audiovizual nəqlə meyllər”, “Geyim vizual informasiya sistemi kimi” mövzularda, ümumilikdə 25 məruzə dinlənilib.

Qeyd edək ki, tədbir 2 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR