Əhməd Şəfəqin “Vətən gözlüm” adlı albomunun təqdimat mərasimi keçirilib

Əhməd Şəfəqin “Vətən gözlüm” adlı albomunun təqdimat mərasimi keçirilib
# 17 dekabr 2013 10:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda türkiyəli müğənni və yazar Əhməd Şəfəqin “Vətən gözlüm” adlı albomunun təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, bu gün Əhməd Şəfəq Azərbaycanda sevilir: “Əhməd bəy Azərbaycanın dərdini öz dərdi bilən, Azərbaycanın Qarabağla bağlı həqiqətlərini yaşadan, Ermənistan-Türkiyə münasibətlərində Azərbaycanın mənafeyini qoruyan bir qələm adamıdır. Eyni zamanda Əhməd Şəfəq həm də bir sənətçidir. Əhməd Şəfəq təkcə qələmi ilə deyil, səsi və ruhu ilə də türk dünyası üçün çalışır”.

“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd edib ki, bəzi insanlar Əhməd Şəfəqi milliyyətçi olduğu üçün sevmir və onun fəaliyyətini kiçiltmək istəyirlər: “Amma belə deyil. Əhməd bəyin əsas ideyası milliliyi, türkçülüyü qorumaq təşkil edir. Əhməd Şəfəq həm də poeziya aşiqidir. Albomun adına diqqət yetirsək, görərik ki, “Vətən gözlüm” adı ilə Əhməd bəy ədəbiyyata bir yenilik gətirib. Əhməd bəyin yaradıcılığının əsas ideyası Qarabağın qaytarılmasıdır”.

S.Vəliyeva qeyd edib ki, bir müddət öncə Bakıda təqdimatı keçirilən, türk dilində nəşr olunan “Hüseyn Cavid əsərləri” adlı kitabın ərsəyə gəlməsində də Əhməd Şəfəqin rolu böyük olub. Onun sözlərinə görə, kitabın təqdimatı yanvar ayının əvvəlində Türkiyənin İstanbul şəhərində də keçiriləcək.

Ə.Şəfəq isə dekabrın 21-də Opera və Balet Teatrında keçiriləcək konserti barədə danışıb. O vurğulayıb ki, hər bir millət mədəniyyətlə nəfəs alır və hər bir türk övladı mədəniyyətinin təbliği istiqamətində çalışmalıdır.

Sonda albomdan parçalar nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR