TQDK: Azərbaycanda məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

TQDK: Azərbaycanda məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır
# 28 yanvar 2014 11:16 (UTC +04:00)

“Ölkə üzrə böyük şəhərlərdən və kənd rayonlarından olan abituriyentlərin istəklərində oxşar cəhətlər olsa da, bilikləri fərqlidir”

Bakı. Könül Kamilqızı - APA. Ötən il Azərbaycanın işğal altında olan rayonlarından ali təhsil müəssisələrinə sənəd verən 9249 abituriyentdən 3160 nəfəri tələbə adı qazanıb.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb. Onun sözlərinə görə, məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır.

M. Abbaszadə qeyd edib ki, ümumiyyətlə, ölkə üzrə böyük şəhərlərdən və kənd rayonlarından olan abituriyentlərin istəklərində oxşar cəhətlər olsa da, bilikləri fərqlidir:

“Bu fərq ən çox ingilis dili fənninə verilən cavablarda özünü göstərir. Respublikanın böyük şəhərlərindən və kənd rayonlarından olan abituriyentlərin ayrı-ayrı ixtisas qruplarına meylləri və fənlər üzrə test suallarına cavab vermə göstəricilərinin hər biri ayrılıqda araşdırılıb. Nəticələrə əsasən, demək olar ki, hər iki kontingentin ixtisas qruplarına olan istək və meylləri arasında fərq yox dərəcəsindədir. Həm böyük şəhərlərin, həm də kənd rayonlarının oğlan abituriyentləri riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentləri isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verirlər. Hər iki kontingentdən olan abituriyentlərin imtahan fənləri üzrə test tapşırıqlarına cavablarında isə ciddi fərq vardır. Böyük şəhərlərdən olan abituriyentlərin hazırlıq səviyyəsi kənd rayonlarından olan abituriyentlərin hazırlıq səviyyəsindən yüksəkdir. Bu üstünlük özünü, ənənəvi olaraq, daha çox ingilis dili, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ana dili və ədəbiyyat fənləri üzrə hazırlıqda göstərir. Fizika fənnindən başqa digər fənlər üzrə şəhərlərdən olan abituriyentlərin səviyyəsi üstündür. Bu, şübhəsiz, şəhər məktəblərinin maddi-texniki bazasının, təlim-tədris texnologiyasının, informasiya təminatının kənd məktəbləri ilə müqayisədə xeyli üstün olması və digər obyektiv amillərlə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR